Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və partiya fəalları iştirak ediblər.Öncə tədbir iştirakçıları təşkilatın inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.Akt zalında işini davam etdirən tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır: "Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb. 1992-ci il oktyabrın 21-də ölkəmizin bütün bölgələrini əhatə edən 550 nəfər Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşdilər. Beləliklə 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev yekdilliklə bu partiyanın Sədri seçildi. Sonrakı mərhələdə Yeni Azərbaycan Partiyasının rayon özəklərinin yaradılması prosesinə başlanıldı".Sədr bildirib ki,YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan bir partiyadır: "Bu gün tam əminliklə söyləyə bilərik ki, YAP Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilib. 23 illik şərəfli yol bu fikirlərin təsdiqidir. Çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev qeyd edib ki, Ulu Öndərin "Dünənin, bu günün və gələcəyin partiyası" deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib.YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov isə diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının ötən 23 illik fəaliyyəti dövründə yüksək templə inkişaf edərək, respublikada ən güclü siyasi qüvvə kimi mövqe tutmasının təməl prinsipləri mövcuddur: "Partiyanın Ulu Öndər Heydər Əliyev kimi dahi, uzaqgörən, böyük siyasi təcrübəyə, idarə etmək qabiliyyətinə və fenomen keyfiyyətlərə malik siyasi liderinin olması, YAP-ın ölkədə hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədinə xidmət etməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, ictimai həmrəylik və demokratik vətəndaş cəmiyyətini formalaşdırması və insanları müstəqil dövlətçilik ətrafında birləşdirməsi kimi amillər söylənilən prinsipləri təşkil edir. Yeni Azərbaycan Partiyası bu gün də müasir siyasi partiya kimi cəmiyyətin inkişafına özünəməxsus töhfələr verir".Sonda YAP Yasamal rayon təşkilatının fəaliyyətində aktivlik nümayiş etdirən bir neçə şəxsə Fəxri Fərman verilib.
sia.az