"Son dövrlər Türkiyənin Suriyada hərbi əməliyyatlara başlayacağı ilə bağlı fikirlər səslənir. Buna ilk etiraz edən Rusiya oldu. Rusiya fevralın 19-da BMT-yə Suriya məsələsi ilə bağlı qətnamə təqdim etdi. Sənəddə Rusiyanın istəyi ondan ibarət idi ki, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasının qarşısı alınsın. BMT Təhlükəsizlik Şurasının 6 daimi üzvündən 3-ü bu qətnamənin əleyhinə çıxdılar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.O qeyd edib ki, Rusiyanın təqdim etdiyi qətnamənin qəbul olunmaması ilk baxışdan ABŞ-ın Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına tərəfdar olduğu təsəvvürü yaratsa da, rəsmi şəkildə belə deyil: "Yəni, qətnamənin qəbul edilməməsinə mesaj kimi yanaşmaq olardı. Əslində isə, ABŞ Türkiyənin Suriyada kürdlərə qarşı hərbi əməliyyatlar aparmasının tərəfdarı olmadığını göstərir. Bu ölkə hətta Türkiyədən kürdlərə qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib. Buna görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a, Barak Obamaya səsələnərək, onun türklərlə kürdlər arasında seçim etməsini istəyib. Bu da Türkiyə ilə ABŞ arasında müəyyən fikir ayrılığına səbəb olub".Politoloq bildirib ki, ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təxminən 40 dəqiqə telefon danışığı baş tutub və hər iki ölkənin dövlət başçısı Suriya ətrafındakı məsələləri, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması fikirlərini geniş müzakirə ediblər: "Bütün hallarda ABŞ Türkiyənin Suriyada quru hərbi əməliyyatlar aparmasını dəstəkləmir. Bu, ABŞ-ın rəsmi mövqeyi kimi qəbul oluna bilər. Digər tərəfdən isə, Türkiyə Suriyanın şimal-şərqində kürdlərin fəaliyyətinin genişlənməsini öz təhlükəsizliyinə ciddi təhdid sayır".E. Mirbəşiroğlu vurğulayıb ki, sözügedən məsələyə ikili yanaşma mövcuddur: "Bir tərəfdən Qərb Türkiyənin özünü müdafiə etmək hüququnu tanıyır, digər tərəfdən isə ABŞ kürdlərə qarşı hərbi əməliyyatların məhdudlaşdırılmasının tərəfdarı kimi çıxış edir. Bütün bunlar Türkiyədə qeyri-müəyyənlik yaradır. Bu baxımdan Ərdoğan Qərbə və ABŞ-a sərt mesajlar göndərir".Politoloqun fikrincə, İncirlik hərbi bazasından ABŞ hərbi texnikalarının çıxarılması real görünmür: "Çünki, Türkiyə ilə Rusiya arasında gərginlik getdikcə artır. Bu, hazırda Türkiyənin maraqlarına cavab verən məsələ deyil. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Türkiyə bu addıma getməz. Qeyd edim ki, Rusiya ilə münasibətlər və regionda vəziyyət gərginləşməsəydi belə, Türkiyənin belə bir addım atması real görünmürdü. Çünki bütün hallarda Türkiyə alyans üzvü olaraq NATO və ABŞ-la münasibətlərini normal saxlamaqda maraqlıdır. Bu baxımdan bu gün NATO-nun dayaqlarının sarsılmasına işarə edəcək əlamətlər görmürəm".E.Mirbəşiroğlu qeyd edib ki, NATO və ABŞ rəsmilərinin verdiyi bəyanatlar, səsləndirdiyi fikirlərdən aydın olur ki, onlar Rusiya ilə qarşı-qarşıya gəlməkdə maraqlı deyillər: "Bu baxımdan Türkiyə özü üçün dəqiq müəyyənləşdirmə aparmaq məcburiyyətində qalır. Çünki, nə alyansdan, nə də konkret olaraq ABŞ-dan ciddi hərbi dəstək görmür. Buna görə ola bilsin ki, Ərdoğan bundan sonra da sərt ritorikaya üstünlük verəcək".
sia.az