"Milli Məclisin plenar iclasında 2016-cı ilin dövlət büdcəsinin yenidən müzakirəsi zamanı heç bir sosial layihələrin ixtisar ediəcəyi gözlənilmir. Dövlət büdcəsinin yeni variantında sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artırıldığı halda, bu sahə üzrə olan artım 42.3 faizdir. Bu da onu göstərir ki, cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan dövlətinin daxili siyasətində sosial müdafiə əsas, prioritet məsələ olaraq qalmaqdadır. Yəni xalqımızın sosial müdafiəsini təmin etmək, sosial problemləri aradan qaldırmaq və sosial rifah halını yaxşılaşdırmaq dövlətimizin ən ümdə məsələsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.Deputatın sözlərinə görə, neftin qiymətinin kəskin şəkildə aşağı enməsi 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb: "Bir sıra faktorları nəzərə alaraq, 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılıb ki, bu da təsdiq olunmuş müvafiq göstərici ilə müqayisədə 2 milyard 256 milyon manat çoxdur".
Musa Quliyev həmçinin əhalinin banklara olan kredit borclarına dair məsələnin Milli Məclisin iclaslarında müzakirəyə çıxarılıb-çıxarılmayacağı barədə danışarkən deyib ki, hazırda ayrı-ayrı deputatlar sözügedən məsələni qaldırsalar da, hələlik bu gündəmdə deyil: "Hökumət üzvləri imkan yaranacağı təqdirdə məsələni müzakirə edəcəklərini söyləyiblər. Vətəndaşla bank arasında bağlanan müqaviləyə əsasən onlar problemi öz aralarında həll etməlidirlər. Dövlətin burada elə bir öhdəliyi yoxdur. Hər hansı bank iflasa uğrasa, onda dövlətin müəyyən öhdəliyi ortaya çıxa bilər. Manatın devalvasiyası ilə əlaqədar bəzi vətəndaşların ABŞ dolları ilə olan kreditlər bir qədər problem yaratsa da, düşünürəm ki, yaxın zamanda problem öz həllini tapacaq. Nəzərə almaq lazımdır ki, mövcud problemlər çoxdur. Dövlətin bütün məsələləri bir dəfəyə həll etməsi isə mümkün deyil".
sia.az