"Qlobal böhrana baxmayaraq, son 5 il ərzində Azərbaycanda insanların yaşayış səviyyəsi yüksəlib və yoxsulluğun aradan qaldırılması prosesi normal tempdə gedir". Bu fikirləri SİA-ya millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, son beş il ərzində 2010-cu ilə nisbətdə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı təxminən 50 faiz artıb: "Biz eyni dinamikanı dövlət büdcəsinin timsalında da görürük. Yəni, 2010-cu ildə Azərbaycanın dövlət büdcəsi təxminən 11.5 milyard manat səviyyəsində idisə, 2015-ci il üçün bu rəqəm 19.5 milyard manat olub. Arada mövcud olan 10 milyard dollarlıq artım da həm Azərbaycan dövlətinin, həm də insanlarımızım yaşayış səviyyəsinin artan dinamika üzrə yüksəlməsini və inkişafını göstərir".Millət vəkili qeyd edib ki, Azərbaycanın sosial dövlət quruculuğu istiqamətində inkişafını nəzərə alsaq, ölkənin Dövlət Sosial Müdafiə Fondunun da artım dinamikasına nəzər yetirmək lazımdır: "Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il üzrə vəziyyəti təxminən 1.7 milyard manat idisə, 2015 il üçün bu rəqəm 3 milyard manatdan çox olub. Bu da özülüyündə bir daha isbatlayır ki, Azərbaycan dövləti vətəndaşlarının sosial rifah halının yüksəldilməsini prioritet hesab edir. Bundan başqa, səhiyyə və təhsil sektoruna da ayrılan vəsaitlərin ilbəil artması ümumi inkişafın dinamikasını nümayiş etdirir. Əgər 2010-cu ildə təhsil sahəsi üzrə xərclər 1.1 milyard manat, səhiyyə sektoru üzrə isə 430 milyon manat təşkil edirdisə, 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq, təhsil sahəsi üzrə 2 milyard manata yaxın, səhiyyə üzrə isə 777 milyon manat olub. Araşdırmalar da göstərir ki, son 5 il ərzində sözügedən sahələrin dövlət büdcəsində payı 2 dəfəyədək artıb"."Dünya miqyasında baş vermiş maliyyə və iqtisadi böhran nəticəsində iqtisadiyyatı, maliyyə sistemi güclü zərər görmüş dünya ölkələrinin mövcud vəziyyəti fonunda Azərbaycanın inkişafının davamlı olması sevindiricidir. Hətta, mürəkkəb sosial-iqtisadi şəraitdə Prezident İlham Əliyevin müvafiq göstərişindən sonra unun, çörəyin, yumurtanın qiymətinin düşməsi, pensiyaların baza hissəsinin, şəhid ailələrinin, məcburi köçkünlərin, 20 yanvar ailələrinin təqaüdlərinin, həmçinin, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, insanların iş problemlərinin həll edilməsi dövlətin insanlara olan diqqətidir, qayğıdır. Bu da əlbəttə ki, əldə olunan nailiyyətlərin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun cənab Prezident İlham Əliyevin uğurla davam etdirilməsinin nəticəsi olduğunu bir daha isbatlayır" – deyə Sədaqət Vəliyeva əlavə edib.
sia.az