"Azərbaycan üçün regional əməkdaşlığın ən mühüm sahələrindən biri Azərbaycan-İran münasibətləridir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov deyib.Politoloq bildirib ki, bu münasibətlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir və eyni zamanda birmənalı olmayan dolaşıq xarakterə malikdir: "Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən və qonşularla münasibətlərin yaxşılaşdırılması kursu seçildikdən sonra bu münasibətlərin inkişafında müəyyən proqres müşahidə olunmağa başladı. Hər iki dövlət arasında nifaq salmağa çalışan bir sıra qüvvələr var. İran və Azərbaycanı tarixi birlik, vahid din və dostluq münasibətləri bağlayır".Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrana rəsmi səfəri İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin dəvəti əsasında baş tutacaq: "Bu görüşə qədər Prezidentlər dörd dəfə görüşüblər. 2014-cü ildə Bakıda və Tehranda baş tutan səfərlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafına xidmət edən bir çox sənədlər imzalanıb. Cənab Prezident İran İslam Respublikasının Radio-Televiziya Şirkətinə müsahibəsində səfər çərçivəsində regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələrin aparılacağını və bir sıra sənədlərin imzalanacağını qeyd edib".Politoloq onu da əlavə edib ki, iki ölkə arasındakı ticarət, nəqliyyat və enerji sahələrindəki əlaqələr tərəflər üçün mühüm əhəmiyyət kəsb edir, bu sektorlardakı əməkdaşlığın artırılması zəruridir: "İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə dünyaya açılıb və İran ilə Avropa İttifaqı dövlətləri arasında milyardlarla dollar həcmində müqavilələr imzalanıb. Qərbin özü də artıq İranla iqtisadi sahədə, xüsusən də enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Azərbaycan da öz cənub qonşusu ilə iqtisadi münasibətlərin genişləndirilməsində maraqlıdır. Bundan başqa İran ilə Rusiya arasında ölkəmizdən keçəcək dəmiryolunun işə düşməsində rəsmi Bakı maraqlıdır. Bu ölkəmizə həm əlavə gəlir gətirəcək, həm də, Azərbaycanın Şimal-Cənub dəhlizindəki rolunu daha da artıracaq. Tranzit ölkə kimi ölkəmiz qərb-şərq dəhlizindən başqa, şimal-cənub dəhlizində də rolunu sübut etmiş olacaq. İranın enerji resurslarının Avropaya nəqlində də ölkəmiz mühüm rol oynaya bilər. Azərbaycandan keçməklə Gürcüstan, Türkiyə üzərindən kəmərlərin Avropaya nəqli də müzakirə mövzusu olacaq"."Azərbaycan diplomatiyası müasir mərhələdə iki əsas məqsəd güdür: ölkənin beynəlxalq arenada mövqeyini möhkəmlətmək, regional lider statusunu qazanmaq, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yollarını axtarmaq. Azərbaycan Xəzər-Qafqaz regionunda və Yaxın Şərqdə mühüm oyunçudur. Bu, demək olar ki, MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Praktik olaraq, keçmiş SSRİ respublikalarından heç birinə eyni zamanda həm Rusiya ilə, həm Avropa İttifaqı və ABŞ ilə, həm də İsrail və İranla bərabər münasibət qurmaq müyəssər olmayıb".
sia.az