YAP Goranboy rayon təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Tərtər, Bərdə, Xocalı və Naftalan rayon təşkilatlarının gənclər birliyinin fəal gənclərinin iştirakı ilə tədbir keçirilib. "Xocalıya ədalət" mövzusunda keçirilən elmi-praktiki konfransın iştirakçıları ilk öncə Xocalı soyqırımı abidəsini ziyarət edərək abidə önünə tər güllər qoydular və onların əziz xatirəsini yad etdilər.
Sonra konfrans iştirakçıları məktəb şagirdlərinin Xocalı sakinlərinin xatirəsinə çəkilmiş rəsm sərgisi ilə tanış oldular. Rayonun Heydər Əliyev Mərkəzində davam edən tədbir iştirakçıları Xocalı faciəsində şəhid olmuş insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransı YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Xocalı şəhərində baş verən hadisələrlə bağlı geniş məlumat verdi.
Tədbirdə YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədri Həsən Şirinov, Xocalı YAP gənclər birliyinin sədri Aynur Abışova, Xocalı sakini faciənin şahidi Aydın Həsənov Xocalı şəhərində fevralın 25-dən 26-na keçən gecə ermənilərin və onların havadarlarının Xocalı şəhərinin dinc əhalisinin, o cümlədən qadın, uşaq və qocaların başlarına gətirilən dünyada anoloqu olmayan soyqırımı faciəsi zamanı gördüklərini danışdı və əminliklə bildirdi ki, hörmətli Prezidentimiz İlham Əliyevin yüksək siyasəti sayəsində Xocalı soyqırımı bütün dünya tanıyacaq və onu törədənlər öz layiqli cəzasını alacaqlar.
Ü.ƏSGƏROV