"Artişok İVET" şirkətinin və Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyevanın təşəbbüsü ilə Argentinanın Azərbaycandakı səfirinin xanımı öz evində Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsini qeyd edib . O, 17 dövlətin Azərbaycandakı səfirlərinin xanımlarını da bu tədbirə dəvət edib. Tədbirdə bütün Novruz ənənələri, şirniyyatlar, Novruz yeməkləri qonaqlara təqdim olunub. Həmçinin, qonaqlarla birlikdə şəkərbura, paxlava, qoğal hazırlanıb. Yeməklərdən isə plov hazırlanıb. Yumurta rənglənib, ənənəyə uyğun döyüşdürülüb, haxıştalar deyilib. Səfirin xanımı bildirib ki, tədbirin məqsədi 17 dövləti bir araya gətirib, Azərbaycan milli dəyərlərini tanıtmaq olub. Bayram tədbiri qonaqlar tərəfindən çox böyük maraqla qarşılanıb. Həmçinin bayramda ATV.az-ın baş redaktoru Aynur Hacıyeva və modelyer-dizayner Gülnarə Xəlilova, Rus Dram Teatrının aktirisası Mələk Abbaszadə iştirak ediblər. Gülnarə Xəlilova 15-dən yuxarı milli geyimləri qonaqlara paylayıb. Tədbirdə iştirak edən bəstəkar Sevinc Ağasıyeva bildirib ki, bu tədbir milli adət-ənənələrimizin təbliği baxımından olduqca önəmlidir: "Bu olduqca gözəl addımdır. Xarici ölkələrin vətəndaşlarına, xüsusi ilə də diplomatlara milli adət-ənənələrimizi təbliğ etmək, onları milli adətlərimizlə tanış etmək olduqca vacibdir. Bu tədbirin hazırlanmasında dəyərli Fəxrəndə Həsənzadə və Aytən Əliyeva böyük əmək sərf ediblər. Onlara böyük təşəkkür düşür".