"Bu gün İran Azərbaycanla çox yaxın və qonşu ölkədir. İranda 30 milyona yaxın azərbaycanlı türkü yaşayır. Müsəlman ölkəsi kimi Azərbaycanla İranı bağlayan həm tarixi, mədəni, həm də iqtisadi əlaqələr mövcuddur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin daima möhkəm olması və inkişaf etməsi İran və Azərbaycanın xeyrinədir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük nümayəndə heyəti ilə İrana getməsi, orada yüksək səviyyədə qarşılanması, bu görüşün yüksək səviyyədə baş tutması, eləcə də bir çox sahələrdə işgüzar münasibətlərin daha da inkişaf etdirilməsi üçün müqavilələrin imzalanması və qarşılıqlı prezidentlərin bəyanatları, mətbuat konfransları bunu söyləməyə əsas verir ki, İran-Azərbaycan münasibətləri özünün yeni və daha yüksək bəhrəsinə qədəm qoyur. Cənab Prezidentin də İranda söylədiyi kimi Azərbaycan İrana qarşı sanksiyalara heç zaman tərəfdar çıxmayıb və hələ İrana qarşı iqtisadi, siyasi sanksiyalar olan dövrdə də Azərbaycan Tehranla münasibətlərini qoruyub saxlayıb və qonşuluq münasibətlərini davam etdirib. Bu da İran rəhbərliyində, hökumətində, əhalisində Azərbaycanın etibarlı tərəfdaş olması fikrini bir daha təsdiqləmişdi. Ona görə də bu gün İranla bizim münasibətlərimizin yeni mərhələyə qədəm qoyması, iqtisadiyyatımızın qarşılıqlı şəkildə inkişaf etdirilməsinə gətirib çıxaracaq. Bununla belə, qonşuluq münasibətlərinin daha səmimi və qardaşlıq münasibətlərinə keçidini şərtləndirəcək".M.Quliyev əlavə edib ki, Azərbaycanın və İranın bölgədə böyük nüfuz sahibi olduğunu nəzərə alaraq, bölgədəki sülhə, sabitliyə, tərəqqiyə xidmət edəcəyinin bir anonsudur: "Mən ölkə rəhbərinin İrana səfərini yüksək qiymətləndirirəm. Bu səfərdə imzalanan müqavilələr inanıram ki, yaxın vaxtlarda öz əməli təsirini artıq hər iki ölkədə hiss etdirəcək dərəcədə işə düşəcək. Beləcə bu müqavilələrdən, səfərdən hər iki dövlətin vətəndaşları xeyir götürəcəklər".
sia.az