İlham Əliyev: "Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb"
Məlum olduğu kimi, fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri olub. Ekspertlərin sözlərinə görə, bu səfər çox böyük əhəmiyyət daşıyaraq, ölkələr arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək. Həmçinin, bu gün hər iki dövlət arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir və bütün sahələri əhatə edir.
İran prezidenti görüş zamanı bildirib ki, əlaqələrimizin hazırkı inkişafı ölkələrimizin və xalqlarımızın tarixi yaxınlığına və dostluğuna əsaslanır. Prezident Həsən Ruhani qeyd edib ki, əlaqələrimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, münasibətlərimizin bütün sahələrdə daha da irəliyə aparılmasını mühüm vəzifə kimi qarşıya qoyur.
İran İslam Respublikasının prezidenti, həmçinin ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış edərək ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq məsələlərdə dövlətlərin daxili işlərinə müdaxilə edilməsinin yolverilməzliyini vurğulayıb. İran dövlətinin başçısı ölkələrimiz arasında təhlükəsizlik sahəsində də əməkdaşlığın əhəmiyyətini qeyd edib.
"Əlaqələrimizin böyük tarixi var və möhkəm təməllər üzərində qurulub"
Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev görüş zamanı bu əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirib. Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğuladı.
"Azərbaycan və İran sabitlik nümunəsidir"
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə Azərbaycan və İranın sabitlik nümunəsi olduğunu bildirib: "Regionda yaşanan gərginliyə baxmayaraq, Azərbaycan və İran sabitlik nümunəsidir".
Prezident İlham Əliyev, həmçinin əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb. Dövlətimizin başçısı İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə İran prezidenti və xalqını təbrik edib.
Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğulayıb. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirib, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib: "Biz çox şadıq ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir. Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daima dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var. Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".
Prezident İlham Əliyev regional məsələlrələ də bağlı bildirib ki, bir çox məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür: "Bu gün eyni zamanda regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəliblər. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün, ilk növbədə atəşkəs yaradılmalıdır, bundan sonra sülh bağlanmalıdır. Suriya xalqı öz gələcəyini, taleyini özü müəyyən etməlidir. Bir də qeyd etmək istəyirəm ki, bu gün söhbət əsnasında bir çox məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür".
Səfər münasibətlərin inkişaf etdirilməsində hər iki ölkəyə fayda gətirəcək
Ekspertlər hesab edirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri münasibətlərin inkişaf etdirilməsində hər iki ölkəyə fayda gətirəcək.
Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Fazil Mustafa bildirir ki, bu, mühüm hadisədir. Onun sözlərinə görə, xüsusilə indiki həssas dönəmdə İran kimi qonşu ölkə ilə məsələlərin bu formada hərtərəfli ələ alınması olduqca vacibdir: "İran tərəfi də artıq anlayır ki, Azərbaycanla kifayət qədər normal qonşuluq münasibətlərini davam etdirmək lazımdır. Biz çalışmalıyıq ki, İranın Ermənistanla olan əlaqələri Azərbaycanın maraqları əleyhinə işləməsin. Bu səbəbdən İranla münasibətləri daha da yaxşılaşdırmaq bizim özümüz üçün də faydalıdır. Qarşılıqlı ittihamlardan uzaqlaşaraq, daha sağlam və faydalı şəkildə, xüsusən də iqtisadi zəmində münasibətləri inkişaf etdirmək gərəkdir. Xüsusən də İran üzərindən sanksiyaların götürüldüyü vaxtda bu ölkə üçün ən əlverişli variant Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməkdir. Çünki Rusiya və digər ölkələrlə müqayisədə daşınma - tranzit ölkə baxımından ən faydalı seçim Azərbaycandır. Azərbaycan da Hind okeanı və o bölgələrə, həmçinin Çin bazarına çıxış üçün İrandan faydalana bilər. Bu cür qarşılıqlı məsələlərə görə hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması vacibdir. Ümid edirəm ki, münasibətlərin daha da inkişafı regionda sabitliyin pozulmasına qarşı da müəyyən dərəcədə iradə birliyi ortaya çıxaracaq. Ümumilikdə, bu səfəri faydalı hesab edirəm və nəticələrinə ümid bəsləyirəm".
Xəzərin problemləri üzrə ekspert, politoloq Rüstəm Məmmədovun sözlərinə görə, İranla Azərbaycan arasında da neft və qaz layihələrinə dair anlaşma memorandumunun, həmçinin SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma memorandumunun imzalanması iqtisadi-siyasi baxımdan önəmli hadisədir: "Azərbaycan kimi İran da neft ölkəsidir. Xüsusilə də iqtisadi sanksiyalar bu ölkə üzərindən götürüldükdən sonra İran öz neft-qazı ilə meydana yenidən daxil olub. Bu gün İran faktoru qonşu dövlətlərə də öz təsirini göstərməkdədir. Bu mənada, Azərbaycanın neft-qaz siyasəti İransız ötüşmür. Ona görə də Azərbaycan dövlət başçısının İrana səfərini, Prezidentin neft-qaz siyasətini, orada imzalanan müqavilələri əhəmiyyətli hadisə kimi qiymətləndirirəm. Azərbaycanla İran arasında münasibətlər hər zaman dostluq səviyyəsində olub. Bu münasibətlərin daha da inkişaf etdirilməsi, iqtisadi sahədə yeni razılıqların əldə edilməsi hər iki tərəfə fayda verər. İran prezidentinin də ağıllı, düzgün siyasi kurs yeritməsi ölkələrimiz arasında dostluğun güclənməsinə gətirib çıxaracaq".
RƏFİQƏ KAMALQIZI