"Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını bir çox beynəlxalq qurumlar təsdiq etdiyi halda, o dövlətə silah satılması Cənubi Qafqazda sabitliyin pozulmasına, gərginliyin artmasına əlavə addımlar deməkdir". SİA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.Baş nazirin müavini bildirib ki, Ermənistana silah satılması ikili standartdan xəbər verir ki, bu da , bölgədə sabitliyin pozulmasına bir cəhddir.Ə.Əhmədov vurğulayıb ki, bəzi hallarda bu silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır: "Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasını əsas gətirilir. Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq".
sia.az