"Cənab Prezidentimiz İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri həm ikitərəfli, həm regional, həm də beynəlxalq münasibətlər baxımından böyük əhəmiyyət daşıyır". Bunu SİA-ya açıqlamasında professor, millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, bu səfər Azərbaycan dövlətinin uzun illər boyu yürütdüyü İran siyasətinin düzgün olduğunu bir daha təsdiq etdi: "Azərbaycan daim İran ilə münasibətlərdə mehriban qonşuluq, daxili işlərə qarışmama və qarşılıqlı faydalı əməkdaşlıq xətti yürüdüb, üzərindən sanksiyaların götürülməsinə tərəfdar olub. Həm tarixi ənənələrimizdən, həm də iki ölkə arasında imzalanan sənədlərdən irəli gələn məsələlərə ciddi şəkildə riayət edib. Dövlətimizin İran siyasəti müstəqil olub".Səfər zamanı Azərbaycanla-İran arasında imzalanan sənədlərlə bağlı fikirlərini bildirən M. Qasımlı söyləyib ki, iki ölkə arasında imzalanan sənədlər qarşılıqlı münasibətləri yeni mərhələyə çıxarır və əməkdaşlığın böyük potensialının olduğunu göstərir: "Xüsusən, Şimal-Cənub dəhlizinin, Astara-Astara dəmiryol xəttinin tikintisinə dair imzalanan sənəd müstəsna əhəmiyyət daşıyır. Şərq və Qərb arasında körpü olan Azərbaycan bu sənəd reallaşdırıldıqdan sonra Şimal və Cənub arasında da etibarlı, sərfəli və əlverişli tranzitə çevrilir, ölkəmiz Fars körfəzinə, oradan da Hind okeanına çıxmaq imkanı əldə edir. Yeni dəmiryolu xəttinin tikintisi və işə salınması ölkəmizə əlavə gəlirlər gətirəcək, iqtisadiyyatımızın neftdən asılılığını xeyli azaldacaq, əlavə iş yerləri açılacaq, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılmasına kömək edəcək, dövlətimizin beynəlxalq nüfuzunu və mövqelərini möhkəmləndirəcək. İmzalanan digər sənədlər də böyük əhəmiyyət daşıyır və qarşılıqlı münasibətlərin geniş perspektivlərinin olduğunu təsdiq edir".
sia.az