Bu gün Dünya Biznes Mərkəzində (World Business Centre) Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən "Jurnalistlər üçün bank işi" mövzusunda təlim keçirilib. SİA-nın məlumatına görə, 30-a yaxın jurnalistin qatıldığı təlimdə Mərkəzin direktoru Cavanşir Abdullayev, ekspertlər iştirak edib.Jurnalistlərə "Azərbaycanın bank sistemi", "Mərkəzi bank və onun funksiyaları", "Banklar və onların xidmətləri", "Jurnalistlər üçün tövsiyyələr" mövzularında məlumatlar verilib.Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev deyib ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının vəsait ehtiyatlarında Mərkəzi Bankın (AMB) resurslarının payı 10%-dən çox deyil: "Avropada isə bu göstərici 30-50% təşkil edir. Uçot dərəcəsinin qaldırılmasının səbəbləri əsasən Mərkəzi Bankın satdığı pulla Maliyyə Nazirliyinin manat istiqrazlarının faiz dərəcələri arasındakı fərqi azaltmaqdır. Belə ki, əgər manatla istiqraz üzrə gəlirlilik 8%-dirsə, ona görə də uçot dərəcəsi 3%-dən 5%-ə qaldırılıb. Uçot dərəcəsinin artırılması, həmçinin manat əmanətlərinin faiz dərəcəsinin yüksəlməsi istiqamətində atılmış bir addımdır. Belə ki, əgər AMB banklara ucuz kredit versə, banklar ondan vəsait cəlb edəcəklər. Amma uçot dərəcəsinin qalxması ona xidmət edir ki, banklar manat əmanətlərinin cəlbini artırsın. Buna isə yalnız əmanət faizlərinin artırılması ilə nail olmaq mümkündür. Çünki insanlar riskə yalnız yüksək gəlirlik olduğu təqdirdə gedə bilərlər".ABTM rəhbərinin fikrincə, əmanətlərin tam həcmdə sığortalanması və kompensasiya məbləğinin artırılması barədə qanun layihəsi də təsdiqlənməsə belə, artıq manat əmanətlərinə maraq müəyyən dərəcədə artıb. AMB-nin hesabatına əsasən, təkcə yanvar ayında 50 mln. manatlıq əmanət yerləşdirilib. Bununla yanaşı, Azərbaycan Banklar Assosiasiyası da qorunan manat əmanətləri üzrə faiz dərəcələrinin artırılmasına dair Əmanətlərin Sığortalanması Fonduna təkliflər təqdim edib.C.Abdullayev hesab edir ki, dövlət büdcəsinin dolmasında, vergi daxilolmalarında problem olmasa, yeni devalvasiya gözlənilmir: "Bank sektoruna kömək olmasa, devalvasiya qaçılmazdır. Çünki banklar sahibkara pul verməsə, əlbəttə, vergi yığımı da çox ola bilməz".Sonda təlimdə fəal iştiraklarına görə, jurnalistlərə sertifikatlar təqdim olunub.
sia.az