"Xocalı soyqırımı tarixin hansısa qaranlıq məqamında baş vermədiyinə görə onun soyqırım faktı kimi sübuta yetirilməsinə ehtiyac yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Politoloq bildirib ki, Xocalı soyqırımı hadisələri göz önündə baş verib: "Çoxlu sayda video materiallar, foto faktlar var. Bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına hələ də tam ciddi yanaşmaması və ikili standartlardan çıxış etməsi təəssüfləndiricidir. Lakin biz dünyadakı reallıqları bilirik. Bu reallıqlara uyğun da Azərbaycan dövləti müvafiq addımlar atır. Erməni lobbisinin və diasporasının ciddi təzyiqləri, Ermənistanın himayə olunması fonunda "Xocalıya ədalət" kampaniyası çərçivəsində son illər ərzində görülən işlər kifayət qədər uğurlu hərəkətlərdir. Bunun davam etdirilməsi soyqırımı faktının tanınmasının əhatəsini genişləndirə bilər".Onun sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmənin çağırılmasına ehtiyac var: "Bu istiqamətdə fəaliyyətə başlanılmalı və hüquqi əsasları hazırlanmalıdır. Azərbaycan "Beynəlxalq Cinayət məhkəməsi" ilə bağlı konvensiyanı ratifikasiya edib sənədə qoşulmaqla bu yöndə addımlarını sürətləndirməlidir.Elçin Mirzəbəyli onu da əlavə edib ki, Xocalı soyqırımı ilə bağlı faktlar təkcə ukraynalı pilotun şahidliyi ilə yekunlaşmır: "Həmin hadisələrin şahidlərinin və bir çox təşkilatların Xocalı soyqırımı barədə açıqladığı faktlar var ki, onlar bu vaxtacan müvafiq beynəlxalq instansiyalara təqdim olunub. Rusiyanın həmin dövrdə yaradılan memorial təşkilatının açıqladığı hesabatda Xocalıda soyqırımının törədildiyi faktlarla bildirilir. Həmin hesabat faciə şahidlərinin iştirakı ilə yazılıb. Bu hesabat beynəlxalq qurumlar üçün açıqdır. Eyni zamanda Xocalı soyqırımı ilə bağlı hazırlanan ayrı-ayrı filmlərdə də bu materiallardan istifadə olunub".
sia.az