PDF Oxu

Siyasət

  • 32

“Azərbaycan-İran münasibətlərində yeni səhifə açıldı”

“Azərbaycan-İran münasibətlərində yeni səhifə açıldı”

"Son 2 il yarım müddətində Azərbaycan və İran prezidentləri 5 dəfə görüşüblər. Bu, iki ölkə arasında olan münasibətlərin dinamik inkişaf etdiyindən xəbər verir". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Tehrana səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında imzalanan sənədlər Azərbaycan-İran münasibətlərində yeni səhifənin açılmasını göstərir: "Ölkə başçısının İrana səfəri zamanı bir çox istiqamətlərdə ciddi müzakirələr aparıldı, müxtəlif sahələri əhatə edən 11 sənəd imzalandı. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın strateji səviyyədə olduğu və münasibətlərin inkişaf etdirilməsinin yaxşı perspektivlərinin olduğu qeyd olundu. Səfər çərçivəsində dünyada gedən proseslər və regional təhlükəsizlik ətrafında fikir mübadiləsi aparıldı".Politoloq qeyd edib ki, görüş zamanı müzakirə olunan əsas məqamlardan biri iki ölkəni birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsi olub: "Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında maraqlı olduqlarını qeyd etdilər. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi İrana qədər olan dəmir yol hissəsini ilin sonunadək yekunlaşdıracaq. Bilirsiniz ki, İrana tətbiq olunan beynəlxalq sanksiyalar götürülüb və qonşu ölkənin məhsullarının dünya bazarına çıxarmaq imkanı yaranıb. Belə olan halda, İran məhsullarının gələcəkdə Avropa bazarına çıxarılmasında Azərbaycanın tranzit imkanlarından istifadə olunması ehtimalları böyüyür".Səfər zamanı imzalanan sənədlərin ölkələr arasında münasibətlərə müsbət təsir edəcəyini söyləyən. E. Mirbəşiroğlu qeyd edib ki, hər iki xalqı eyni dəyərlərə və keçmiş tarixə malik olması amili, onlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi təsir edə bilər: "İki ölkə arasında dəmiryolu xəttinin çəkilməsi təbii ki, xalqların daha da yaxınlaşmasına, bu ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da intensivləşməsinə kömək edəcək. Bir sözlə bu addım həm Azərbaycan, həm də İran iqtisadiyyatı üçün əhəmiyyətli olacaq".

sia.az

Digər xəbərlər