Siyavuş Novruzov: "Bu partiyaların heç birinin gələcəyi yoxdur"
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov müxalifət partiyalarının tez-tez antiböhran tədbirlərdə irəli sürdükləri iddialarla bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, bəzi müxalifət partiyalarında belə bir ideya var ki, Azərbaycanda vəziyyət nə qədər pisləşsə, onların xeyrinədir: "Bu, çox səhv düşüncənin məhsuludur. Neftin qiyməti düşəndə, müxalifətdə toy-bayramdır. Onlar buna çox sevinir. Neftdən gələn gəlir xalqın mənfəətinə sərf olunur. Ölkədə tikilən məktəblərdə Əli Kərimlinin uşaqları, İsa Qəmbərin nəvələri, eləcə də iqtidar nümayəndələrinin də uşaqları oxuyur. Yaxud çəkilən yollardan həm YAP, həm AXCP, həm Müsavat, həm də digər partiyanın üzvləri istifadə edir. Ölkəyə gələn gəlirlərdən onlar da istifadə edirlər. Onlar isə hesab edirlər ki, gəlirlər birbaşa onların cibinə girməlidir. Dolayısı ilə neft gəlirlərindən müxalifət də bəhrələnir. Ancaq bunlar düşünürlər ki, vəziyyət nə qədər çətin olsa da, bir o qədər yaxşıdır. Ümumən, bunların yanaşma tərzi səhvdir. Dünyanın heç bir yerində belə yanaşma tərzi yoxdur. İqtidara müxalif olmaq olar, xalqa və dövlətə müxalifət anlayışı yoxdur. Bunlar xalqa və dövlətə müxalifətçilik edirlər".
S.Novruzov müxalifətin son toplantılarında "keçirilən tədbirlər xalq hərəkatının qığılcımı" hesab etmələrini havaya deyilən bir söz olduğunu bildirib: "Bunlar mənasız fikirlərdir. Azərbaycanda belə bir məsəl var. "Dadı damağında qalıb". İndi onların da ağızlarında 1990-cı illərin dadı qalıb. Anlamırlar ki, 1990-cı ildə xalqın toplanmasının səbəbləri fərqli idi. Bir faktı qeyd edim. AXCP-nın ilk idarə heyətinə daxil olan üzvlərin hər biri sonradan özünə partiya yaradıb. Yəni onlar müstəqillik ideyası ətrafında toplaşmışdılar. İndi Azərbaycan müstəqildir, inkişaf edir. Azərbaycanın güclü ordusu var. Bu ordu məqam gözləyir. Belə bir məqam yetişən kimi Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad edəcək. Hazırda torpaqlarımızın işğalda qalması səbəbləri bəllidir. Azərbaycan xalqı vaxtilə qeyri-sabitliyin nə olduğu görüb. Ona görə də onların dedikləri havaya deyilən bir sözdür".
Mütəllim Rəhimli: "Siyasətini fürsətçilik üzərində quran qurumların uğur qazanması mümkün deyil"
Ədalət partiyasının ali məclisinin sədri Mütəllim Rəhimli də müxalifətin "Antiböhran koalisiya"sı yaratmasına münasibət bildirərkən deyib ki, əsas məsələ strategiyanın düzgün qurulmasıdır: "Uzunmüddətli müşahidələr göstərir ki, siyasətini fürsətçilik üzərində quran qurumların uğur qazanmaları mümkün deyil. Siyasi mübarizə konseptual əsaslara söykənməli, uzunmüddətli planlarla tənzimlənməlidir".
M.Rəhimli onu da vurğulayıb ki, bizdə müxalifət düşərgəsi bu prinsiplərə əməl etmədiklərindən ciddi uğurlara da imza ata bilmirlər: "Müxalifətin siyasi proseslərə uyğun olaraq dəyişməsi normaldır, amma siyasi proseslərin arxasınca sürünməsi isə yolverilməzdir".
Göründüyü kimi, ictimaiyyət artıq nəinki Azərbaycanda, hətta dünyada baş verən bütün proseslərdən xəbərdardır, cərəyan edən bütün prosesləri analiz etməyə qadirdir. Xalq müxalifət qruplaşmalarının niyyətinə bələd olduğundan, bu cür təxribatlara çoxdan "yox" deyib.
Rəfiqə HÜSEYNOVA