"Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti ilə QHT-lərin görüşünün kimin tərəfindən təşkil olunması haqqında məlumatımız yoxdur. Biz də bunu mətbuatdan oxuduq. Təəssüf ki, beynəlxalq təşkilatlar, o cümlədən AŞPA xüsusi mövqeyi ilə seçilən QHT-lərlə görüş keçirir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.O qeyd edib ki, AŞPA və digər beynəlxalq təşkilatlar qərəzli mövqedən çıxış edən QHT-lərin və insanların fikirlərini əsas götürərək, müəyyən hesabatlar hazırlayırlar: "Əvvəlki illərdə də belə olub. Bununla əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik və keçirdiyimiz görüşlərdə etirazımızı bildirmişik. Ölkənin ictimai-siyasi həyatı haqqında məlumat almaq üçün bütün tərəflərin mövqeyinin öyrənilməsi olduqca vacibdir. Ancaq beynəlxalq təşkilatlar bəlli çərçivədə olan QHT-lərlə görüşür və onların fikirlərini öyrənir. Onların fikirləri də reallığı əks etdirmir. Bu da dezinformasiyaların yayılmasına gətirib çıxarır. Ölkəmizdə mövcud olan ictimi-siyasi sabitliyə ləkə gətirməyə çalışırlar".O qeyd edib ki, AŞPA Azərbaycanın pozulan hüquqlarının, dəyərlərinin bərpa olunması üçün səy göstərməlidir: "Bizim çox böyük problemlərimiz var. Ölkəmizin 20 faizdən çox ərazisi işğal altındadır. Bir milyondan çox qaçqınımız var. Uzun illərdir təcavüz, terror hadisələri ilə üzləşirik. Azərbaycan bütün beynəlxlaq konvensiyaların şərtərinə ciddi əməl edir. Beynəlxalq təşkilatlar isə qonşu ölkələrdə baş verən biabrçılıqları bir kənara qoyaraq, burada hansısa dəyərlərin pozulmasını axtarırlar. Bizim pozulan dəyərlərimiz ərazi bütövlüyümüzə təcavüz, əsirlikdə olan vətəndaşlarımız, işğal altında olan milli mədəniyyət abidələrimiz və s.dir. AŞPA belə pozulan dəyərlərin bərpa, ədalətin təmin olunması üçün səylərini gücləndirməlidir. QHT-lərimiz də belə görüşlərdə diqqətli olmalı, xalqımızın və dövlətimizin mənafeyini, milli maraqlarını müdafiə etməlidirlər".
sia.az