PDF Oxu

Siyasət

  • 29

Partiyaların yenidən qeydiyyatdan keçməsi labüddur

Partiyaların yenidən qeydiyyatdan keçməsi labüddur

Siyavuş Novruzov: "Hesabat verilmirsə, deməli, qaranlıq mənbədən maliyyələşir"

İnkişaf etmiş dövlətlərdə olduğu kimi, ölkəmizdə demokratik inkişafın bütün sahələrdə gedən davamlılığı, eləcə də, formalaşmış siyasi mühitin inkişafı ictimaiyyət arasında öz mühümlüyü ilə seçilməkdədir. Xüsusilə, qeyd etmək olar ki, hər bir vətəndaş öz konstitusyon hüquqlarından istifadə etməklə, dövlət qeydiyyatından keçib siyasi təşkilat yarada, yaxud da istədiyi hər hansı bir partiyada təmsil oluna bilər. Lakin ortada digər faktorlar da mövcuddur ki, həmin mövcudluq, bilavasitə siyasi təşkilatın sərgilədiyi bütün mövqelərdə dövlətçilik prinsiplərinə xələl gətirməmək, eyni zamanda, şəffaflığını xalqdan gizlətməməkdir.

"Bəzi partiyalar alqı-satqı obyektinə çevrilib"

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov parlamentin son plenar iclasında "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edilməsini təklif etdi. O, çıxışı zamanı bir sıra partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı vermədiklərini xatırladıb: "Təəssüf ki, partiyaları buna məcbur etmək mexanizmi qanunda nəzərdə tutulmayıb. Bu da qeyri-şəffaflıq yaradır. Yaxud da bir səhifə ağ kağız göndərir ki, onun maliyyə dövriyyəsi, ümumiyyətlə yoxdur. Lakin baxanda görürsən ki, hər birinin aparatında onlarla işçi çalışır, hər bir sədrin 4-5 cangüdəni var və bahalı avtomobillərdə gəzir. Sual olunur ki, gəlir və ya çıxar yoxdursa, qaranlıq mənbələr nədən ibarətdir?! Bu baxımdan, "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməlidir".

S.Novruzov onu da vurğulayıb ki, maliyyə hesabatı verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir: "Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" Qanuna bir neçə ciddi əlavə və dəyişikliklər edəcəyik. Hesabatlılıq şəffaflığın bir nümunəsidir. Hər hansı bir partiya gecə-gündüz mətbuatda şəffaflıqdan, düzgünlükdən danışırsa, lakin özü hesabat vermirsə və yaxud hesabat əvəzinə bir ağ kağız göndərirsə, bunlara qarşı tədbirlər görülməlidir".

YAP rəsmisi onu da bildirib ki, bütün bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik edilməli, məsələlərin hüquqi bazası konkretləşdirilməlidir: "Dünya təcrübəsində də belədir ki, partiya yaranandan sonra iki il ərzində heç bir siyasi prosesdə iştirak etmirsə, o, avtomatik olaraq bağlanır". S.Novruzov hakim partiyanın təqdim etdiyi maliyyə hesabatlarına da toxunub: "Yeni Azərbaycan Partiyası bütün dövrlərdə öz maliyyə hesabatını mətbuat vasitəsilə ictimaiyyətə çatdırır. Bu baxımdan, digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidir. Əks-təqdirdə, bəlli olur ki, bu vəsaitin böyük hissəsi bu və ya digər təşkilatlar tərəfindən, o cümlədən erməni lobbisi, xarici kəşfiyyat orqanları tərəfindən verilir. Belə olan halda, pulu kim verirsə, musiqini də o sifariş edir. Həmin dairələr də müxtəlif tapşırıqlar verir ki, Azərbaycanda ictimai-siyasi sabitlik pozulsun, qarşıdurma yaradılsın, dövlət əleyhinə böhtan xarakterli materiallar hazırlansın, ayrı-ayrı beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə sənədlər göndərilsin".

Müxalifətin qaranlıq əməlləri

Bəs görəsən, qanuna məhəl qoymayan, öz maliyyə mənbələrini cəmiyyətdən gizli saxlayan, illik hesabatlarla çıxış etməyən siyasi partiyaların rəhbərləri özləri bu haqda nə fikirləşirlər? Qeyd edək ki, neçə illərdir ki, aparılan müşahidələr, araşdırmalar onu deməyə əsas verir ki, radikalyönümlü müxalifətin mənsub olduğu qruplar, təşkilatlar faktiki olaraq indiyədək bir dəfə də olsun maliyyə hesabatlarını açıqlamayıblar. Bəzən bu mövzu ətrafında fikir mübadiləsi apararkən onlar heç bir yerdən vəsait almadıqlarını dilə gətirirlər. Məhz buna görə də hesabat verməyə borclu olmadıqlarını bildirirlər. Belə olan təqdirdə, sual ortaya çıxır ki, bəs radikalyönümlü siyasi partiyaların rəhbərlərinin fəaliyyəti və maliyyə təminatı haradandır? Bu partiyaların da özlərinin ofisləri, işçiləri, nəqliyyat vasitələri var. Əgər bu vəsait partiya üzvlərindən toplanan üzvlük haqqı, ianələr hesabına formalaşmırsa, bu zaman vəsaitin mənbəyi bəlli olmalıdır. AXCP və Müsavat partiyasının fəaliyyətləri kölgəli, milli maraqlarımızın əleyhinə fəaliyyət göstərən xarici dairələrdən aldıqları qrantlardan asılı olduğuna görə onlar hər hansı bir hesabat vermək haqqında belə düşünmürlər. Müxtəlif dönəmlərdə Ə.Kərimli və İ.Qəmbər öz partiyadaşlarının qarşısında çıxış edərək, heç bir hesabat verməyəcəklərini bəyan ediblər. Sonuncu dəfə Müsavat başqanı Arif Hacılının "biz heç kimə hesabat vermək məcburiyyətində deyilik" deməsi sübut elədi ki, bu qurum təkcə qanunlara deyil, elə öz üzvlərinə qarşı da hörmətsizlik edir. Lap tutaq ki, maliyyə mənbəyin yoxdur. O zaman partiya sədri hansı pulla özünə mühafizəçilər tutub? O zaman partiyanın maliyyə cədvəli nə üçün mövcuddur? Məsələ bundadır ki, sədr, müavinlər və digər səalhiyyətli şəxslərə maaş verirsizniz? Bunun hesabatını vermək lazımdır. Ən azından üzvlük haqlarının hansı məqsədlə istifadə olunduğunu öz üzvlərin qarşısında aydınlıq gətirməlisən.

Bu vaxta qədər nə üçün hesabat vermədiklərinə aydınlıq gətirmək üçün partiyalarla əlaqə saxladıq. AXCP və Müsavatdan ənənəvi cavabı aldıq: "Biz heç kimə hesabat verməyə borclu deyilik. Bizim maliyyəmiz yoxdur. Bu, bizim daxili işimizdir". Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan açıqlamasında bildirdi ki, heç bir hesabatla çıxış etməyəcəklər: "Bizim bu və ya digər formada hər hansısa bir fəaliyyətimiz yoxdur". Fəaliyyət yoxdursa, o zaman ALP sədri statusunu daşımaq hansı məqsədə xidmət edir? Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu il hesabatla çıxış edəcəklərini bildirib. "Ümid" partiyası suallarımızı cavabsız qoydu."

Beləliklə, maliyyə hesabatlılığından yayınmaq və yaxud aldıqları maliyyənin şübhəli mənbələrdən ibarət olmasının üzə çıxması isə qanuni baxımdan həmin yolu tutan siyasi təşkilatların bağlanmasına gətirib çıxarmalıdır. İnanırıq ki, burada da qanun öz sözünü deyəcək və maliyyə hesabatını düzgün tərtib etməyən və ümumiyyətlə, tərtib etməkdən yayınan partiyalara qarşı da qanunun bütün tələblərilə mübarizə aparılacaq. Bunun özü də sivil cəmiyyət qurulması yolunda atılan mühüm addımdır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər