PDF Oxu

Siyasət

  • 40

İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

Ölkə Prezidenti bütün çıxışlarında dövlətimizin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə qeyd edir, bunu respublikanın hər yerində həyata keçirilən geniş infrastruktur layihələri ilə və bilavasitə əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü tədbirlərlə təsdiq edir.

"Hər bir məmur xalqının xidmətçisi olmalıdır"

Bütövlükdə, görülmüş işlərə dair hesabatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır"-deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir.

Azərbaycan Prezidenti öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrində ciddi ölçü götürür. Bu, Cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə, həssaslığa malik lider olduğunu parlaq şəkildə əks etdirir. Dövlət başçımızın idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. "Əsl siyasət konkret real iş görməkdir" devizinə daim sadiq qalan Cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

Eyni zamanda, dövlət başçısı sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: "İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır". Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını demişdir.

Faktlar Prezidentin son qərarlarının əhalinin sosial rifahının güclənməsinə hesablandığını təsdiqləyir

Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğdə idi. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artaraq 18,4 manatdan 175 manata çatdırılmışdır və bu məbləğ yaşa görə pensiyalar üzrə 198 manat təşkil edir. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır. Bu göstərici, eyni zamanda ölkəmizdə gedən iqtisadi inkişafdan xəbər verir. Bu gün respublikamızda 114 min ailəyə ünvanlı sosial yardım verilir və hər ailəyə dövlət tərəfindən orta hesabla ayda 153 AZN yardım göstərilir. İqtisadi inkişaf üçün isə hava-su kimi vacib olan məqamlar vardır ki, bunlar da, ilk növbədə siyasi sabitliyin, stabilliyin və ədalətli rəqabət mühitinin olmasıdır.

Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarının birində demişdir: "Sosial sahədə bütün proqramlar icra edilir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik." Ölkə ictimaiyyəti ilə görüşərkən Prezident İlham Əliyev əhalinin təkliflərini birbaşa özlərindən öyrənir və yerlərdə ilk olaraq infrastrukturun yaradılması və güclənməsi, yolların çəkilməsi və abadlaşdırılması, təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin salınması ilə bağlı istəklərə diqqətlə yanaşır. Bu kimi müxtəlif sahələri inkişaf etdirmək üçün dövlətimizin başçısı Cənab İlham Əliyevin Sərəncamı ilə hər ili konkret bir sahəyə həsr edilir və müvafiq ildə həmin sahə çoxşaxəli inkişaf etdirilir. 2014-cü ilin "Sənaye ili", 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə həyata keçirilən tədbirlər planı prioritet sahə sayılan sahibkarlığın inkişafına öz töhfəsini uğurla vermişdir. Bu tədbirlər planından əlavə son zamanlar dövlət başçısı tərəfindən imzalanan sərəncamlar əhalimizin sosial rifahı üçün müsbət dəyişikliklərə gətirib çıxarmışdır. Buna misal olaraq, tələbələrin təqaüd alması ilə bağlı olan qərarı, nəqliyyat sahəsində edilən dəyişiklikləri, bir çox sahələrdə fəaliyyət göstərmək üçün lisenziyaların ləğv edilməsini, şəhid ailələri və Qarabağ əlillərinin sosial rifahının yaxşılaşdırılması üçün verilən Sərəncamı, aztəminatlı ailələrə birdəfəlik yardımların göstərilməsini, məhkumların əfv olunmasını, gömrük rüsumlarının azaldılmasını, "ASAN xidmət"in səlahiyyətlərinin və fəaliyyət coğrafiyasının genişləndirilməsini, təhsil, tibb və digər sahələrdə fəaliyyət göstərən işçilərin sitimullaşdırılmasını və bu kimi çoxsaylı faktı göstərmək olar.

Beləliklə, yuxarıda göstərilən məqamlar sübut edir ki, ölkə Prezidenti İlham Əliyevin son qərarları Azərbaycanda əhalinin sosial rifahının güclənməsinə hesablanıb və xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər