"Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli səfərlər çox əhəmiyyətlidir. Ötən il Azərbaycan prezidentinin Gürcüstana səfəri əlaqələri gücləndirib, bizim prezidentin də yüksək səviyyəli görüşlər çərçivəsində Azərbaycana səfəri planlaşdırılır". SİA-nın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.Nazir söyləyib ki, ölkələr arasında nümunəvi əlaqələr mövcuddur: "Əməkdaşlığın ən vacib sahələrindən biri enerji sahəsidir. Gürcüstanda son illər qaza tələbat artıb. Azərbaycan da strateji tərəfdaş kimi nəql etdiyi təbii qazın həcmini artırmağa razılıq verdi, müvafiq saziş imzalandı. Enerji haqqında danışanda qeyd etməliyik ki, bu il Bakı-Supsa layihəsinin 20 illiyidir. Bu layihə bir neçə strateji layihənin əsasını təşkil edib. Bundan başqa Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində də əlamətdar hadisələr baş verir. Biz bu layihə çərçivəsində də uğurlu əməkdaşlıq edəcəyik. Bakı-Tibilisi- Qars layihəsi region, ölkələr və özəl sektor üçün faydalı təcrübə olacaq. Gömrük qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Bu, nəqliyyat koridorunda vacib şərtdir. Dövlətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıqlar da başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bir sıra sənədlər imzalanmalıdır. Ümid edirik ki, komissiyanın iclasında bu sənədlər imzalanacaq".Mixail Canelidze Azərbaycanın GUAM-dakı fəaliyyətinə dəstək verməyə hazır olduqlarını bildirib: "Ölkələrimiz biri-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Dost və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verməliyik. Delimitasiya məsələsi də artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq".
sia.az