İlham Əliyev: "Yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki yol tikilir, orada inkişaf vardır"
Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişafı son dövrlərin prioritet məsələlərindəndir. Çünki insanların məskunlaşdıqları ən qədim yerlərdən biri olan Naxçıvan tarixən mühüm ticarət yolları üzərində yerləşən coğrafi ərazidir. Dünyanın mühüm yollarından biri hesab edilən qədim İpək Yolunun əsas qollarından biri Naxçıvan ərazisindən keçmişdir.
Təsadüfi deyil ki, orta əsrlərdə Naxçıvan uğrunda gedən mübarizənin əsas səbəblərindən biri də ticarət baxımından əlverişli olan bu yollara nəzarətin ələ keçirilməsi idi. Sonrakı dövrlərdə də bu yollar öz əhəmiyyətini qoruyub saxlamışdır. Ötən əsrin 70-80-ci illərində ölkənin bir çox yerlərində olduğu kimi, Naxçıvan ərazisində də yol infrastrukturunun inkişafına ciddi diqqət yetirilmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində yaranmış böhranlı vəziyyət, eyni zamanda, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış ədalətsiz müharibə nəticəsində muxtar respublikanın yol infrastrukturuna da ciddi ziyan dəymiş, yeni yolların çəkilməsi, təmiri işləri, demək olar ki, tamamilə dayandırılmışdı.
Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına da əlverişli şərait yaratdı. Xüsusilə, Naxçıvanla Türkiyə və İran İslam Respublikası arasında çoxtərəfli əlaqələrin inkişafında mühüm rol oynayan körpülərin salınması, həmin körpüləri birləşdirən daxili yolların, eyni zamanda, muxtar respublikanın əsas yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının təmiri və yenidən qurulması yol infrastrukturunun formalaşdırılmasında atılan ilk və mühüm addımlar idi.
Muxtar respublikada nəqliyyat kompleksinin inkişaf sistemi: reallıqlar, nəticələr
Naxçıvanda yol çəkilişlərini, avtomobil yollarının yenidən qurulmasını regionun inkişaf göstəricisi kimi qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: "Yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən, Naxçıvanda bu proses sürətlə gedir və həll olunur".
Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı" Azərbaycanda, eləcə də muxtar respublikada yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks yanaşmanı ortaya qoydu. Naxçıvan ərazisindən keçməklə Qərb və Şərq sivilizasiyalarını birləşdirən Böyük İpək Yolunun bərpası istiqamətində görülən işlər bu yanaşmanın təzahürü olmaqla, həm də ölkəmizdə uğurla həyata keçirilən irimiqyaslı layihələrdən sayılır. Ötən illər ərzində bu yol üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralının, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolunun, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolunun inşası uğurla başa çatdırılmışdır. 2012-ci ilin may ayında muxtar respublikaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Böyük İpək Yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak edərək muxtar respublikada yol infrastrukturunun yeniləşməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, Naxçıvanın tranzit mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırmışdır: "Bu yolun açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir".
2004-cü ildə istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir standartlara uyğun tikilmişdir. Hazırda bu hava limanından Azərbaycanın Bakı və Gəncə şəhərlərinə təyyarələr yola salınır. Eyni zamanda, Naxçıvan-Moskva, Bakı-Naxçıvan-İstanbul və əks istiqamətlərdə uçan təyyarələr vasitəsilə beynəlxalq sərnişindaşıma xidmətləri göstərilir. 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi yaradılmışdır. Sədərək, Culfa və Şahtaxtı sərhəd-keçid komplekslərinin istifadəyə verilməsi, "Bakı-Naxçıvan-Bakı" müntəzəm avtobus marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ olmuşdur.
2013-cü ildə muxtar respublikada 163,9 kilometr uzunluğunda avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 21 körpü tikilərək, 12 körpü isə təmir olunaraq istismara verilmişdir. Əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni müasir tipli maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmiryolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur. 2015-ci ildə Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yolunun, Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Culfa rayonunda Kırna-Gal və Dizə-Gal avtomobil yollarının yenidən qurulması, Gal-Şurud avtomobil yolunun təmiri başa çatdırılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında "Şərq Terminalı" yenidən qurulmuş, terminalda keçid körpüsü, teleskopik trap, lift-eskalator və yeni baqaj konveyeri quraşdırılmış, hava limanının sərnişin dövriyyəsi saatda 400-450 nəfərə çatdırılmışdır. "Qərb Terminalı"nın yenidən qurulması davam etdirilmiş, Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir. 2015-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 2014-cü illə müqayisədə yük daşınması 2,1 faiz, sərnişin daşınması 1,3 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 48 milyon 600 min 900 manat gəlir əldə edilmişdir ki, bu da 2014-cü ildəki göstəricidən 2,2 faiz çoxdur.
Xatırlatmaq lazımdır ki, dövlət başçısının müvafiq sərəncamları ilə uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yollarının yenidən qurulması həmin istiqamətlərdə olan yaşayış məntəqələrinə gediş-gəlişi asanlaşdırmışdır.
Muxtar respublikada yol quruculuğu sahəsində görülən işlərin növbəti ünvanı yenə də ölkə başçısının müvafiq Sərəncamı ilə yenidən qurulan və 13 kənd yaşayış məntəqəsini birləşdirən Hacıvar-Sirab-Vayxır avtomobil yolu oldu. Bu avtomobil yolu Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun Vayxır kəndi ərazisindən Babək rayonunun Hacıvar kəndinədək olan 26 kilometr məsafəni özündə birləşdirməklə avtomobillərin Naxçıvan şəhərinə daxil olmadan Şahbuz-Culfa-Ordubad və əks istiqamətdə 12 kilometr məsafəyə qənaət etməklə rahat hərəkət etməsinə şərait yaratmışdır.
Yol tikintisi sahəsində həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2014-cü il tarixli "Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolu yenidən qurulur. Yenidən qurulan yol 31 min nəfər sakinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun uzunluğu 35 kilometrdir. İlkin olaraq burada yolun genişləndirilməsi həyata keçirilmiş, torpaqbərkitmə işləri aparılmış, ehtiyac duyulan yerlərdə su keçidləri qoyulmuşdur. Hazırda inşaatçılar dairəvi yolun ayrı-ayrı hissələrinə asfalt salınması ilə məşğuldurlar.
Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 1-də Naxçıvan Muxtar Respublikasına tarixi səfəri zamanı Naxçıvanın yüksək səviyyədə inkişaf yollarında olduğunu vurğulamışdır: "Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvanın rəhbərliyi çox uğurla səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir".
Beləliklə, bütün bunlar, qazanılan böyük nailiyyətlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin real bəhrələridir. Əldə olunan mühüm nəticələr, nümayiş etdirilən müasir səviyyə yeni Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının gerçək simasıdır. Bu, müstəqil Azərbaycan dövlətinin seçdiyi sınaqlardan çıxmış Heydər Əliyev yolunun təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizə və xalqımıza daha böyük gələcəyin real təminatıdır.
RƏFİQƏ KAMALQIZI