"Dost Azərbaycana, Bakıya gəlmək həmişə xoşdur. Azərbaycanda əməkdaşlıq və dostluq üçün geniş imkanlar var". SİA-nın xəbərinə görə, bunu bu gün IV Qlobal Bakı Forumun açılışında çıxışında Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.Gürcüstanın müxtəlif işğalçı addımlardan əziyyət çəkdyini deyən G.Marqvelaşvili bildirib ki, Rusiya ərazimizin 20 faizini işğal edib, əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib: "Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir. İşğaldan əziyyət çəkən ölkənin nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, Gürcüstan qlobal terrorizmə qarşı mübarizədə aktiv yer alır, Əfqanıstanda sülhyaratma missiyasında iştirak edir".Gürcüstan prezidenti Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə böyük enerji və nəqliyyat layihələri həyata keçirdiyini vurğulayıb. O söyləyib ki, 3 ölkənin birgə həyata keçirdiyi layihələr daha çox dostların qazanılmasına gətirib çıxaracaq: "Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu daha çox dost əldə etməyə səbəb olacaq. Gürcüstan dünya okeanına çıxışı olmayan 14 ölkəyə bu imkandan bəhrələnmək imkanı yaradır. Biz eyni layihələri Çindən, ABŞ-dan olan dostlarımızla həyata keçirməyə çalışırıq. Bizim milli maraqlarımıza təcavüz etmək olmaz. Düşünürəm ki, bu Forumda yeni imkanların tapılması üçün mühüm fikirlər səslənəcək".
sia.az