IV Qlobal Bakı Forum çərçivəsində "Dünyanın bu günü və bizim sabah üçün hansı ehtiyaclarımız var?" mövzusunda panel keçirilib
IV Qlobal Bakı Forum çərçivəsində "Dünyanın bu günü və bizim sabah üçün hansı ehtiyaclarımız var?" mövzusunda panel keçirilib. SIA-nın məlumatına görə, paneldə çıxış edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib ki, ölkəsi Rusiya kimi böyük qonşusunun işğalı ilə üzləşib. O qeyd edib ki, Gürcüstanın müttəfiqləri regionda olan vəziyyəti ciddi şəkildə təhlil etmirlər: "Bu, bizi narahat edir. Gürcüstan dostlarının sayını artırmağa çalışır. Biz bütün qonşularımıza rasional mesajlar verməyə çalışırıq. Regionda qeyri-sabitlik heç bir ölkəyə, o cümlədən Rusiyaya xeyir gətirməyəcək. Çətin də olsa, prosesin müsbət istiqamətdə gedəcəyinə inanırıq".Monteneqro prezidenti Filip Vujanoviç forumun yüksək səviyyədə təşkili üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: "Nizami Gəncəvinin humanist mesajları bütün zamanlar üçün aktualdır. Əsrlər boyunca dindən sui-istifadə edilib. Bütün dinlər insanları mərhəmətə çağırır. Ona görə də tolerantlığın inkişaf etdirilməsi vacibdir".Makedoniya prezidenti George İvanov deyib ki, bu gün sosial şəbəkələr və digər innovasiyalar inkişaf edir: "Beynəlxalq təşkilatların tək sənədlər qəbul etməsi ilə problemlərin qarşısını almaq olmaz. Cahillik radikallığa yol açır. Biz bir-birimizi daha çox tanımağa çalışmalıyıq. Balkanlar, Orta Şərq və Qafqazda baş verən münaqişələrə baxsaq, bunu Bermud üçbucağı adlandırmaq olar".İsrailin keçmiş baş naziri Ehud Barak çıxışında bildirib ki, dünyada bəzi pis adamlar düzəlmək istəmirlər: " İŞİD, "Boko haram" dəyişməyəcək, güzəştə getməyəcək. Onları məhv etmək lazımdır. Əgər ümumi şəkildə hamı tərəfindən qəbul olunmuş bir hökumət və ya güc olmasa, bu münaqişə həll olunmayacaq. Fələstinlilər heç zaman İsrailin nəzarəti ilə razılaşmayacaq. Prosesə başlamaq üçün siyasi güc olmalıdır".Norveçin keçmiş baş naziri Harlem Brundtland isə çıxışı zamanı bəyan edib ki, get-gedə dünyada daha çox ölkələr öz səslərini qaldıra bilir. O qeyd edib ki, insanlar dünyanın inkişafı ilə bağlı fikirlərini səsləndirə bilirlər: "Bu prosesə Şərq, Qərb, yoxsul, varlı, bir sözlə hər kəs qatılıb. Hamı bilir ki, bu ümumi məsuliyyətdir. Bu gün yaşayan nəsillər reallıqla qarşılaşmalıdır. Başa düşməlidirlər ki, gələcək bizim qarşımıza hansı məsuliyyət qoyur. Hər bir ölkə özünə görə məsuliyyət daşıyır. İndiki dünya birgə tədbir görməlidir. İndiki reallıq bizə imkan verir ki, çoxlarının inanmadığı tədbirləri görə bilək".Finlandiyanın keçmiş prezidenti Tarya Halonen isə çıxışı zamanı bəyan edib ki, dünyadakı meqaböhranlara baxmayaraq, dayanıqlı inkişafa keçmək lazımdır: "Düşünürük ki, demokratiya, insan haqları dünyanın hər yerində olduqdan sonra dayanıqlı inkişafa keçə bilərik. Halbuki belə deyil. Bu işdə gənclər, qadın və yoxsulluq problemləri ilə məşğul olan QHT-lər iştirak etməlidir. Bu işə biznes cəlb olunmalıdır, yeni iş yerləri açılmalıdır. İnsanlara ləyaqətli əmək verilməlidir, sərhədlər qorunmalıdır. İqtisadi məqsədlər üçün bu sərhədləri dağıda bilmərik".
sia.az