Bəhruz Quliyev: "Azərbaycanda beynəlxalq Forumun keçirilməsi xarici ölkələrə nümunə kimi göstərilə bilər"
"İlk növbədə qeyd edim ki, Bakıda IV Qlobal Forumun keçirilməsi və bu möhtəşəm beynəlxalq tədbirdə bir çox ölkələrin nüfuzlu ictimai-siyasi xadimlərinin, dövlət nümayəndələrinin iştirakı ölkəmiz üçün çox mühüm bir hadisədir". Bu fikirləri "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Forumun işini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda "Multikulturalizm ili"nin elan olunduğu bir dövrdə bu cür tədbirin keçirilməsi bir neçə aspektdən öz önəmini daşımaqdadır: "Dünyada baş verən qlobal dəyişiklilər fonunda cərəyan edən proseslər və bu proseslərdən yaranan beynəlxalq siyasi mühit təbii ki, müxtəlif şəkildə təsirlənir. Xüsusilə, multikulturalizm, dinlər və xalqlararası tolerantlıq baxımından mövcud münasibətlərdə mənfi tendensiyalar müşahidə olunur. Bu baxımdan, belə bir dövrdə Azərbaycanda beynəlxalq Forumun keçirilməsi xarici ölkələrə nümunə kimi göstərilə bilər. Məhz cənab Prezident İlham Əliyev də Forumun açılışı zamanı vurğulayıb ki, Azərbaycan daim sabitliyin, sivilizasiyalararası mədəniyyətin beşiyi olub.
"Bütün bunlar bizim ən böyük zənginliyimizdir. Biz multukulturalizmi təşviq edərək, daha böyük uğurlar qazanacağıq"-deyən ölkə başçımız bununla mesaj verib ki, ölkəmiz bu istiqamətdəki yolunu tutmaqda davam edəcək".
"Əbəs yerə deyil ki, Forumda iştirak etmək üçün 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçıları iştirak edir", - deyə xatırladan Bəhruz Quliyev qeyd edib ki, burada məqsədlərdən biri də regionda baş verən münasibətlərə təsirlə bağlıdır: "Bildiyimiz kimi, Azərbaycanın da yer aldığı region həssas yerdə yerləşir. Yəni, köhnə münaqişələr həllini tapmamış, yeni münaqişələr yaranmağa başlayır ki, bu da qarşıdakı illərdə arzuolunmaz hallara gətirib-çıxara bilər. Ölkə başçımız da bu faktora toxunaraq bildirib ki, bizim əsas məqsədimiz öz rolumuzu bir hökumət, siyasətçi kimi oynamaqdan ibarətdir. Göründüyü kimi, Forumda bu kimi məsələlər nəzərdən keçirilməklə çıxış yolları axtarılacaq. Təbii ki, qəbul ediləcək qərarlar qarşılıqlı əməkdaşlıq və sülhün möhkəmləndirilməsinə, bərqərar olmasına xidmət edəcək".
"Daha bir amil isə siyasi baxışların iqtisadi baxışlarla qarşıdırılmaması məsələsidir", - deyə qeyd edən Bəhruz Quliyev bildirib ki, iqtisadi münasibətlərə siyasi amillərin təsir etməsi neqativ təsir göstərə bilər: "Lakin biz bu cür hallar da görürük. Amma düşünürəm ki, iqtisadi münasibətlərin tənzimlənməsi sonradan siyasi baxışların da müsbət istiqamətdə cərəyan etməsinə zəmin yaratmış olur. Mən sözlərimi ölkə başçımızın daha bir sitatı ilə davam etdirmək istərdim. Prezident İlham Əliyev vuğulayıb ki, bu kimi məsələlərdə kütləvi informasiya vasitələri də diqqətli olmalı, hadisələrin daha da qızışmasına rəvac verən hallara yol verməməlidirlər. "Siyasətçilər və media təmsilçiləri də məsuliyyətli olmalıdır"-deyən ölkə rəhbərimiz vurğulayıb ki, toqquşmalar, qaçqınlar böhranı barədə müxtəlif səpkili reportajlar verilir ki, bu da proseslərə mənfi təsirlərini göstərir. Ona görə, biz media nümayəndələrinin də üzərinə ciddi vəzifə düşür. Biz çalışmalıyıq ki, ölkələrarası siyasətdə təcridolunmalara yol açılmasın. Çünki bu, daha arzuolunmaz hallara gətirib çıxarır".
Media qrupun rəhbəri sonda qeyd edib ki, Azərbaycanda keçirilən bu cür möhtəşəm və dünya siyasətinə, iqtisadiyyatına töhfə verən böyük tədbirlər ölkəmizin nüfuzunun artmasının bariz göstəricisidir: "Aprel ayında Azərbaycanda daha bir irimiqyaslı beynəlxalq tədbir keçiriləcək. Mədəniyyətlərarası dialoq və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə baş tutması ümumilikdə ölkəmizin dünyanın dialoq mərkəzinə çevrildiyini təsdiq edir".
sia.az