"IV Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkili mürəkkəb müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən Forum həm Azərbaycan, həm də dünya ölkələri üçün siyasi-sosial və geosiyasi baxımdan önəmlidir: "Birincisi, belə bir Forumun Azərbaycanda təşkil edilməsi onu sübut edir ki, Bakı artıq dünyanın qlobal məsələlərin müzakirə edildiyi və problemlərdən çıxış yolunun tapıldığı siyasi mərkəzinə çevrilib. Dünya ictimaiyyəti, siyasi elitalar Azərbaycanı Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanıyır və onunla hesablaşırlar.İkincisi, hər dəfə Azərbaycanda keçirilən bu cür qlobal miqyaslı tədbirlərdə iştirak etmək üçün gələn qonaqlar ölkəmizin inkişafını, sosial-iqtisadi tərəqqisini əyani olaraq görürlər. Nəzərə alsaq ki, beynəlxalq tədbirlərdə iştirak edənlər ayrı-ayrı siyasi quruluşların, mədəniyyətlərin nümayəndələridir, o zaman, Azərbaycanımızın birbaşa təqdimatı xüsusi hal kimi dəyərləndirilməlidir. Bu səbəbdən də, cənab Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyəti və təşəbbüsləri alqışa layiqdir.Üçüncüsü, mürəkkəb beynəlxalq münasibətlər sisteminin vəziyyətini nəzərə alanda IV Qlobal Bakı Forumunun humanitar və siyasi böhranların aradan qaldırılması funksiyasına da toxunmaq lazımdır. Yəni, Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın timsalında təcavüzə məruz qalan, torpaqları işğal edilmiş və bir milyondan çox qaçqın və məcburi köçkünü olan, lakin bütün bunların fonunda uğurlu inkişaf modeli ortaya qoyan, humanitar və siyasi böhranı tərəqqi prosesinə çevirən bir ölkə nümunəsini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Məhz, bununla Azərbaycan bir daha bu gün Yaxın və Orta Şərqi bürüyən müharibənin nəticəsi olaraq meydana çıxan və Avropanın "baş ağrısı"na çevrilən humanitar böhrandan çıxış yollarını təqdim etdi.Bir sözlə, Azərbaycanın paytaxtında keçirilən "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu qlobal siyasi məsələlərin müzakirə edilməsi, həlli yollarının müəyyənləşdirilməsi baxımından nə qədər əhəmiyyətli oldusa, bir o qədər də Azərbaycanın sülhsevərliyini, qonaqpərvərliyini, multikultural dəyərlərə hörmətini, ümumbəşəri ideallara sadiqliyini isbatlamış oldu" – deyə Sədaqət Vəliyeva əlavə edib.
sia.az