PDF Oxu

Siyasət

  • 42

Azərbaycan qlobal problemlərin həlli açarıdır

Azərbaycan qlobal problemlərin həlli açarıdır

İlham Əliyev: "Qlobal Bakı Forumunun mövzuları bütün bəşəriyyət üçün vacibdir"

Məlum olduğu kimi, martın 10-da Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, həmçinin bir sıra ölkələrin 27 sabiq prezidenti və 23 sabiq baş naziri də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iki gün keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması, həmçinin, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı kimi mühüm məsələlər müzakirə edilibdir.

Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu forumun dünyada baş verən mühüm və qlobal məsələlərin müzakirəsi baxımından, artıq ənənəyə çevrildiyini bildirdi. Dövlətimizin başçısı ötənilki görüşdən sonra dünyada bir çox dəyişikliklərin baş verdiyini dedi, bu tədbirin məqsədlərindən birinin də planetdə gərginliyin azaldılması, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün əsasların yaradılması olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün forumda beynəlxalq gündəliyin geniş əhatəli məsələləri müzakirə olunacaq.

"Qarşılıqlı əməkdaşlığı və sülhü təşviq etməliyik"

Dövlət başçısı keçirilən forumda çıxışı zamanı bildirdi ki, hər bir beynəlxalq forumun səviyyəsi iştirakçılardan asılıdır: "Forumda 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak edir. Hazırda regionumuzda da münasibətlər kəskinləşir, köhnə münaqişələr həllini tapmayıb, yeni münaqişə ocaqları yaranır. Bizim əsas məqsədimiz öz rolumuzu bir hökumət, siyasətçi kimi oynamaqdan ibarətdir. Çalışmalıyıq ki, əməkdaşlıq və qarşılıqlı hörmət yaradaq".

Prezident İlham Əliyev narahatlıq doğuran məsələlər sırasında Yaxın Şərqdəki, Avropanın bəzi hissələrindəki vəziyyəti, son illərin reallığı olan qaçqın böhranını sadalayıb: "Orta Şərqdə, Avropada olan vəziyyət, qaçqınlar məsələsi son illər qarşılaşdığımız problemlərdir. Forumda bu məsələlər nəzərdən keçiriləcək. İştirakçıların bilik və səviyyəsi bu problemlərdən çıxış yolu tapmağa kömək edə bilər. Qarşılıqlı əməkdaşlıq və sülhü təşviq etməliyik".

Prezident İlham Əliyev onu da vurğulayıb ki, dünyanın müxtəlif yerlərində müxtəlif addımlar atılır: "Qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq. Digər ölkələrin daxili işlərinə qarışmanın yaratdığı çətinliklər o problemləri yaradan ölkələr üçün də çətinliklərə yol açır. Biz hamımız bir-birimizə hörmətlə yanaşmalıyıq"

Prezident İlham Əliyev deyib: "Biz hamımız bir vəzifəyə bağlıyıq - qarşılıqlı əməkdaşlığa, qarşılıqlı anlaşmaya yardım etmək. Biz hamımız bir-birimizlə bağlıyıq".

Dövlət başçısı vurğulayıb ki, bəzən elə gəlir ki, televiziya vasitəsilə izlədiyimiz dünyanın müxtəlif guşələrində baş verən təhlükəli hadisələr digər planetdə cərəyan edir, lakin bu, yanımızda baş verir.

Prezident diqqətə çatdırıb ki, digər dövlətlərin işinə hər bir müdaxilə, hər bir hərəkət, hər bir addım müdaxilə edənlərə çətinliklər yarada bilər.

"BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir"

Bu il ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyini deyən Prezident İlham Əliyev ötən dövrdə Azərbaycanın bir çox problemlərlə üzləşdiyini, terror və müharibəyə məruz qaldığını vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək: "Müstəqilliyin ilk illərində vətəndaş müharibəsindən, humanitar böhrandan, işğaldan, təcavüzdən, iqtisadi çətinliklərdən, faktiki iqtisadi tənəzzüldən əziyyət çəkirdik".

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan terror hücumlarının hədəfinə çevrildi: "Erməni terror təşkilatları 1990-cı illərdə mülki əhaliyə qarşı çoxsaylı terror aktları törətdilər. Təəssüf ki, Ermənistan və Azərbaycan arasında münaqişə həll edilməyib. Baxmayaraq ki, ölkəmiz müstəqilliyin ilk illərində müəyyən uğura nail olub və hazırda müasir, sabit, proqnozlaşdırılan, özünü təmin edən ölkə kimi inkişaf edir, münaqişə həll edilməlidir".

Prezident əlavə edib ki, milyon azərbaycanlı qaçqının öz vətəninə qayıda bilməsi, zorakılığı dayandırmaq və regionumuzda sülhü bərqərar etmək üçün münaqişə həll edilməlidir, çünki bunsuz bütün ölkələr əziyyət çəkəcək.

Prezident bir daha xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul edilib və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu təhrif etməyə nə qədər çalışsa da, mümkün deyil, çünki bu yazılıb və dərc edilib".

Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalı və bu qətnamələrin yerinə yetirilməsi mexanizmi müzakirələr mövzusu olmalıdır: "Bəzi hallarda BMT-nin Təlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində yerinə yetirilir, bizim halda isə, artıq 20 ildən çox vaxt ötür".

Ölkə Prezidenti onu da qeyd edib ki, bu, siyasi iradənin, xüsusilə də bu qətnamələri qəbul edən ölkələrdə siyasi iradənin olmamasını göstərir: "Hazırda danışıqlar prosesi hər hansı uğur olmadan davam edir və bunun əsas səbəbi odur ki, Ermənistan sülh istəmir. O, işğal edilmiş əraziləri qanunsuz nəzarət altında saxlamaq, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir, lakin bu, belə qala bilməz. Danışıqlar prosesində təmsil olunan ölkələr, BMT-nin Təhlükəsizlik Şurasının 3 daim üzvü dəfələrlə bu barədə açıq deyiblər".

"Enerji siyasi vasitə kimi istifadə edilməli deyil"

Azərbaycanda bütün azadlıqların təmin olunduğunu, iqtisadiyyatın inkişaf etdiyini, yoxsulluğun azaldıldığını, sosial və infrastruktur layihələrinin icra olunduğunu deyən dövlətimizin başçısı ölkəmizdə sərmayələr üçün münbit şəraitin yaradıldığını, iqtisadi islahatların uğurla aparıldığını diqqətə çatdırdı. İndi əsas məqsədin iqtisadiyyatda neft və qazdan asılılığın azaldılması olduğunu deyən Prezident İlham Əliyev hazırda nəqliyyat infrastrukturunun yaradılması, enerji sektorunun daha da inkişaf etdirilməsi istiqamətində işlərin getdiyini vurğuladı, "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətindən danışdı, bu layihənin reallaşmasında Azərbaycanın mühüm rolunun olduğunu bildirdi: "Cənub Qaz Dəhlizi" XXI əsrin nəhəng layihəsidir. Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq, Məşvərət Şurası bu layihənin həyata keçirilməsi üçün vacibdir".

Dövlət başçısı onu da diqqətə çatdırdı ki, bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq: "Fevralın 29-da 11 ölkə, o cümlədən Avropa İttifaqının imza atdığı sənəddə Azərbaycan bu strateji layihəni həyata keçirən əsas ölkə kimi qeyd edildi. Xorvatiya və Monteneqronun da bu layihəyə, komandaya qoşulacağına inanıram. Bu, enerjinin şaxələndirilməsi, azad rəqabət layihəsidir. Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazım olmayan rəqabətdən qurtulmalıyıq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq".

"Multikulturalizm yaşayır, onun gələcəyi var"

Bu il ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini deyən dövlətimizin başçısı müstəqillik illərində bu meyilin daha da möhkəmləndiyini və dövlət siyasətinə çevrildiyini bildirdi. "Multikulturalizm yaşayır, onun gələcəyi var", - deyən Azərbaycan Prezidenti ötən ay Nizami Gəncəvinin vətəni olan Gəncə şəhərində İmamzadə Dini-Mədəniyyət Kompleksinin açıldığını, həmin tədbirdə ölkəmizdəki bütün dini icmaların rəhbərlərinin çıxış etdiyini, respublikamızda heç bir ayrı-seçkiliyin olmadığını, bunun da gələcək inkişafımıza zəmin yaratdığını diqqətə çatdırdı.

Ötən il Bakıda ilk Avropa Oyunlarının keçirildiyini, gələn il isə İslam Həmrəylik Oyunlarının baş tutacağını deyən dövlətimizin başçısı bildirdi ki, bizim əsas məqsədimiz ölkəmizin uğurlu inkişafını təmin etməkdir.

Beləliklə, bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə, beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə gətirib çıxarıb. Bu isə, bir daha sübut edir ki, qlobal poblemlərin həllində Azərbaycan həm də açar rolunu oynayır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər