"Türkiyədə 1 il ərzində 600 nəfər terrorun qurbanı olub. Bu, böyük faciə olmaqla yanaşı, insanlığa qarşı terror aktıdır". Bu fikirləri SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, terrorun qarşısı mütləq alınmalıdır: "Həm Türkiyə, həm qardaş ölkənin müttəfiqləri, həm də beynəlxalq antiterror koalisiyası terrorla amansız mübarizə aparmalıdır. Türkiyədə demək olar ki, hər ay, hər həftə terror hadisələri baş verir. Lakin Ankarada ikincidir. Bu dəhşətli hadisələrdən daha çox mülki əhali, sadə vətəndaşlar əziyyət çəkir. Baş verənlərin səbəbkarı isə PKK və onun arxasında dayanan qüvvələrdir. Çox təəssüf ki, PKK arxasında qüvvələr artıq bu təşkilatı güclü qüvvəyə çevirə biliblər".Ankara hadisələrinin Türkiyə prezidentinin Azərbaycana səfəri ilə əlaqəsindən danışan millət vəkili sözügedən terror hadisəsinin Türkiyə prezidentinin Azərbaycana səfər ilə bağlı olmadığını dilə gətirib: "Azərbaycan Türkiyə ilə strateji tərəfdaş olmaqla yanaşı bir sıra istiqamətdə böyük beynəlxalq layihələr həyata keçirir. Belə olan halda müəyyən vaxtlarda bu istiqamətlər üzrə görüşlərə, fikir mübadiləsi aparmağa ehtiyac var. Türkiyə Azərbaycanla qardaş ölkədir. Gördüyümüz işlər yalnız iki ölkənin mənafeyi üçün deyil, regionun mənafeyi üçündür deyə bilərik. Düşünmürəm ki, Ankarada baş verən terror hadisəsi Türkiyə prezidentinin Azərbaycana səfəri ilə bağlı ola bilsin. Çünki, Ankarada terror aktları Türkiyə prezidenti Azərbaycana gəlmədiyi vaxtda da baş verir".
sia.az