Bu gün Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan – Mətbuat Şurasının yaradıldığı gündür. SİA-nın məlumatına görə, 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.Mətbuat Şurasının qərarlarında nəzərdə tutulan ən ciddi cəza tədbiri "qara siyahı"ya daxil etmədir. Bu ictimai qınaq növü peşə prinsiplərinə tam laqeyd yanaşan, yazılarında tənqid obyektinin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna bilərəkdən ziyan vuran KİV-lər haqqında seçilir. Bu zaman Şuranın "Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimatındakı forma və prinsiplər rəhbər tutulur. "Qara siyahı" mütəmadi olaraq yenilənir və ölkənin aparıcı kütləvi informasiya vasitələrində yayımlanır.Hazırda Mətbuat Şurasının tərkibində daha yeddi komissiya fəaliyyət göstərir.
sia.az