"Nazirlər Kabinetinin 2015-ci il hesabatı mükəmməl hazırlanıb və bu hesabatı müsbət qiymətləndirirəm". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Musa Qasımlı deyib.O bildirib ki, hesabatda 2014-ci il millət vəkilləri tərəfindən irəli sürülən təkliflər də öz əksini tapıb: "Dünyada gedən proseslər Azərbaycana da təsirsiz ötüşməyib. Lakin ölkə başçısının uğurlu iqtisadi isyasəti nəticəsində 2015-ci ildə ölkəmizdə bir sıra sahələrdə inkişaf qeydə alınıb. Bundan başqa, penisya və maaşlarda artım olub".Millət vəkili çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edərək bildirib ki, xaricdən gətirilən gübrələr yerli zavodları iflic edib: "Ölkəmizdə gübrə zavodları var. Təəssüf ki, bu zavodlarda istehsal edən gübrələrdən istifadə edilmir". M.Qasımlı ünvanlı sosial yardımların elektron şəkildə verilməsini müsbət qiymətlləndirib: "Ünvanlı sosial yardım artıq elektron şəkildə veriləcək. Bu müsbət haldır. Lakin Ünvanlı sosial yardımların əvəzinə hər ailəyə öz işini qurmağa kömək etməliyik". M.Qasımlı səhiyyə sahəsində islahatlara ehtiyac olduğunu dilə gətirib: "Səhiyyə sahəsində, xəstəxanalarda yaranmış xoşagəlməz vəziyyətlərin aradan qaldırılmasını səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirəm".Millət vəkili çıxışı zamanı qeyd edib ki, müəyyən dövlət rüsumlarını müəyyən edərək şəxsi evlərin, mənzillərin özəlləşdirilməsinə gedilərək büdcəyə vəsait gələ bilər.Bundan əlavə o, deputat seçildiyi bölgənin problemlərinə də toxunub: "Yardımlı rayonunda işıq dirəklərinin köhnəlməsi və sıradan çıxması nəticəsində onlar meşədən qırılan ağaclarla əvəzlənib, lakin bunlar təhlükə mənbəyidir. Həmçinin maliyyə yükünün nə qədər olmasına baxmayaraq Yardımlı və Masallı rayonlarının sərhəd kəndlərində ATS-lərin quraşdırılmasına diqqət yetrilməlidir. Bununla bağlı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə də danışmışam. Bu məsələlərə diqqət yetirilməlidir".
sia.az