PDF Oxu

Siyasət

  • 43

Pan Gi Mun: gender bərabərliyinə nail olmağa heç bir maneə yoxdur

Pan Gi Mun: gender bərabərliyinə nail olmağa heç bir maneə yoxdur

Dünyada gender qeyri-bərabərliyi və qadınlara münasibətdə ədalətsizlik halları hələ də geniş yayılıb. AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, BMT-nin Baş katibi Pan Gi Mun bu fikri BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 60-cı sessiyasının açılışında söyləyib.

Pan Gi Mun bildirib ki, BMT-nin Baş katibi vəzifəsində çalışdığı 10 il müddətində mütləq bərabərliyə nail olmaq yolunda heç bir maneə olmadığını yəqin edib. Bununla belə, dünyada bəzi ölkələrin parlamentində hələ də heç bir qadın yoxdur.

Pan Gi Mun qeyd edib ki, o, öz tərəfindən BMT-nin yuxarı eşelonlarında qadınların daha geniş təmsil olunması üçün hər cür səy göstərir. Pan Gi Mun BMT-nin Baş katibi vəzifəsində fəaliyyətə başlayanda bu təşkilatın sülhyaratma missiyalarından heç birinə qadınlar rəhbərlik etmirdi. İndi isə BMT-nin bütün missiyalarının təxminən dörddə bir hissəsinə qadınlar başçılıq edir. Pan Gi Mun bildirib ki, o, Baş katibin köməkçisi və ya müavini vəzifələrinə qadınların təyin edilməsi barədə təxminən 150 sərəncam imzalayıb.

BMT-nin rəhbəri deyib: "Mən BMT-də qadınların irəli çəkilməsi üçün nə mümkündürsə, etmişəm. Mən hökumətləri, biznes sahəsini və ümumiyyətlə hamını gender bərabərliyinə nail olmağa çağırıram. Bunun üçün hər bir qadının və hər bir qızın hüquqlarını tanımaqdan başqa heç nə tələb olunmur".

O, qadınların və uşaqların sağlamlığının qorunması üzrə Qlobal Strategiya çərçivəsində özünün irəli sürdüyü "Hər bir qadın, hər bir uşaq" təşəbbüsünü xatırladıb. Bu təşəbbüsün məqsədi hamiləlik və doğuş zamanı yüz minlərlə qadının və beş yaşından aşağı milyonlarla uşağın ölümünün qarşısını almaq üçün maliyyələşdirməni artırmaq və tibbi xidmətlər sistemini yaxşılaşdırmaqdan ibarətdir.

BMT-nin rəhbəri bu təşkilatın "Qadınlara münasibətdə zorakılığa son qoyulması naminə birləşək" adlı yeni kampaniyasının və kişiləri gender bərabərliyi uğrunda mübarizəyə cəlb etməli olan "Kişi qadın uğrunda" təşəbbüsünün uğurla həyata keçirilməsini qeyd edib.

Pan Gi Mun bildirib ki, zorakılıq və ədalətsizlik halları ilə üzləşən qadınlar hələ də çoxdur. O deyib: "Mən BMT-nin Baş katibi kimi bu fürsətdən istifadə edərək şəxsən belə bir müraciət etmək istəyirəm: "Parlamentlərində və ya nazirlər kabinetində heç bir qadının təmsil olunmadığı ölkələrin liderlərini bu cür ədalətsizliyə son qoymağa çağırıram". O vurğulayıb ki, bu gün dörd ölkənin parlamentariləri arasında qadınlar ümumiyyətlə yoxdur, səkkiz ölkədə isə qadınlar nazirlər kabinetində təmsil olunmayıb.

BMT başçısı deyib: "Bu gün mən həmin ölkələrin adlarını çəkmək istəmirəm, lakin onları bu vəziyyəti dəyişməyə çağırıram. Hansı ölkələri nəzərdə tutduğumu özləri bilir. Həmin liderlərin mənim çağırışıma necə reaksiya verdiklərini hər gün, bu vəzifəni tutduğum sonuncu günə qədər yoxlayacağam. Bizdə qadınların təmsil olunmadığı heç bir parlament, heç bir hökumət qalmayınca mən təzyiq göstərəcəyəm".

Pan Gi Mun vurğulayıb ki, gender zəminində qeyri-bərabərliyə və zorakılığa son qoymağın vaxtıdır. BMT-nin rəhbəri deyib: "Gəlin, dünyamızın daha da yaxşılaşması üçün, bu dünyada qadınların və kişilərin, yaşlıların və cavanların, yoxsulların və varlıların layiqli həyat tərzi sürə bilmələri üçün birlikdə çalışaq".

BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının 60-cı sessiyası martın 14-də işə başlayıb və martın 24-dək davam edəcək. BMT sisteminin, Təşkilatın üzvü olan dövlətlərin və dünyanın bütün ölkələrinin vətəndaş cəmiyyətinin minlərlə nümayəndəsi bu sessiyada iştirak edir. Ənənəyə görə bu sessiya iştirakçıların və mövzuların əhatə dairəsinə görə BMT sistemində ən geniş tədbirlərdən biridir.

Qadınların vəziyyəti üzrə Komissiya BMT İqtisadi və Sosial Şurasının (EKOSOS) funksional orqanıdır. Komissiya qadın hüquqlarının müdafiəsi və genişlənməsi üzrə beynəlxalq standartların həyata keçirilməsi və bu standartlara lazımınca riayət edilməsinə dair təkliflər işlənib hazırlanması ilə məşğul olur. Komissiyaya BMT üzvü olan 45 dövlət dörd il müddətinə seçilir. Hazırda belə ölkələr sırasında Belarus, Qazaxıstan, Rusiya və Tacikistan da var.

Komissiya öz işini açıq iclaslar çərçivəsində həyata keçirir. BMT üzvü olan bütün dövlətlər Komissiyanın sessiyalarında çıxış edə bilər, lakin qərar və qətnamələri yalnız Komissiyanın üzvü olan dövlətlər qəbul edir. Bu orqanın qərarları və qətnamələri təsdiq edilmək üçün EKOSOS-a təqdim olunur.

Komissiya BMT-nin yaradılmasından bir il sonra təsis edilib. 1975-ci ildə Meksikada tarixdə ilk dəfə Ümumdünya Qadın Konfransı keçirilib. 1979-cu il dekabrın 18-də BMT Baş Məclisi qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi barədə Konvensiya qəbul edib. Hazırda həmin Konvensiya dünyanın demək olar ki, bütün dövlətləri tərəfindən ratifikasiya olunub. Dövlətlər bu Konvensiyanın müddəalarının həyata keçirilməsi barədə BMT-nin məxsusi olaraq bu məqsədlər üçün yaradılmış komitəsi qarşısında hesabat verirlər.

1995-ci ildə Pekində keçirilmiş Dördüncü Ümumdünya Konfransında qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Pekin Fəaliyyət Platforması qəbul edilib. Bu sənəddə qadın problemlərinin həlli üzrə fəaliyyətin 12 ən mühüm istiqaməti müəyyən edilib. Belə istiqamətlər sırasında qadınlar arasında yoxsulluq və dilənçilik, təhsil və səhiyyə sahəsində ayrı-seçkilik hallarına qarşı mübarizə, hakimiyyət strukturlarında qadınların qeyri-bərabər təmsil olunması probleminin həlli və başqa məsələlər vardır.

AZƏRTAC

Digər xəbərlər