PDF Oxu

Siyasət

  • 49

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 yaşı tamam olur

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 yaşı tamam olur

Bu il Azərbaycanda memarlıq və inşaat təhsilinin 95, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başlamasının 40 ili tamam olur. Yubileylərlə əlaqədar AzMİU-da mart-aprel aylarında geniş tədbirlər planı hazırlanıb, silsilə tədbirlərin, görüşlərin və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri universitetin rektoru Gülçöhrə Məmmədova bu yubileylərə həsr edilmiş "Memarlıq və inşaat təhsilinin aktual problemləri" mövzusunda elmi-praktik konfransda deyib.

Qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu ali təhsil müəssisəsinin 8 fakültəsində 6 minə yaxın tələbə təhsil alır.

Rektor böyük bir təkamül yolu keçən memarlıq və inşaat təhsilində əldə olunan uğurlardan, onun təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan, yeniliklərdən danışıb. Bildirib ki, universitetdə elmi-tədris işlərinə böyük önəm verilir. Universitetin fəaliyyət göstərdiyi dövrdə 121 dərslik, 335 metodiki göstəriş, 1400 elmi məqalə dərc edilib, 42 ixtira patenti alınıb.

G.Məmmədova nəzərə çatdırıb ki, elmi-praktik konfransın keçirilməsində əsas məqsəd bir əsrə yaxın tarixi və tədris ənənələri olan memarlıq və inşaat təhsilinin bugünkü səviyyəsi, inkişaf mərhələləri, müasir dövrün, qloballaşan dünyanın çağırışlarına cavab verən təhsilin inkişafı üzrə dövlət strategiyasının tələblərinə uyğun qurulması, onun qarşıya qoyduğu məsul və şərəfli vəzifələrin yerinə yetirilməsi istiqamətində aparılan araşdırmalara yeni töhfələr verməkdir.

İki bölmədən ibarət olan konfransda "Azərbaycan Respublikasında təhsilin inkişaf strategiyası: hədəflər və nailiyyətlər", Azərbaycanda ərazi planlaşdırılması: problemlər, həllər və nailiyyətlər", "Memarlıq elminin və təhsilinin qarşılıqlı əlaqələri," "Mütəxəssis hazırlığında beynəlxalq standartların rolu" və digər mövzularda məruzələr dinlənilib.

Daha sonra AzMİU-nun fakültə dekanları tədrisdə qazanılan uğurlardan, yeniləşmə və inkişaf prosesindən, ali təhsilin keyfiyyət təminatı problemlərindən, kadr hazırlığı və təhsilin inkişafında istehsalatın rolundan söz açaraq, mütəxəssis hazırlığının keyfiyyətinin artırılması istiqamətində təklif və tövsiyələrini veriblər.

Konfransda AzMİU-nun əməkdaşları ilə yanaşı, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, SOCAR, "Azərsu" ASC, həmçinin digər qurumların nümayəndələri iştirak ediblər.

AZƏRTAC

Digər xəbərlər