Martın 15-də Siyəzən şəhər stadionunda VIII və X sinif şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyununun rayon birinciliyinin qalibləri müəyyənləşib.AZƏRTAC xəbər verir ki, birincilikdə 12 komandanın tərkibində rayon tam orta məktəblərinin 168 şagirdi iştirak edib. Yarışlar rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.Komandalar yarış ərzində müxtəlif tapşırıqları yerinə yetirməklə bir neçə mərhələdə qüvvələrini sınayıblar. Yekun qərara əsasən şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. Qalib komanda aprel 20-21-də Xaçmaz şəhərində keçiriləcək "Şahin" hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində iştirak etmək hüququ qazanıb.Şəhər 1 nömrəli tam orta məktəbin komandası ikinci, Gilgilçay qəsəbə tam orta məktəbin komandası isə üçüncü olub.Yarışın qalibləri rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.
AZƏRTAC