"Azərbaycan Prezidentinin Türkiyəyə səfəri hər kəs tərəfindən yüksək qiymətləndirilir. Çünki, bu addımı yalnız qardaş-qardaşa edə bilərdi". BunuSİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti Türkiyənin ən çətin anında ora səfər edərək qardaş ölkənin yanında olduğunu nümayiş etdirdi: "Türkiyə mətbuatında da qeyd edildi ki, sözügedən səfər diplomatik əlaqələrdən də üstün bir addım idi. Bilirsiniz ki, hazırda bölgədə vəziyyət çox çətindir. Yaxın Şərqdə baş verənlərdən tutmuş, İŞİD, terror qruplaşmaları, Suriya, İraq üzərindən gedən müharibələr bölgədə vəziyyəti daha da gərginləşdirib. Dünyanın super güclərinin qurduğu əməliyyatlar yerləşdiyimiz bölgədə aparılır. Belə bir vəziyyətdə Azərbaycan Prezidentinin bu addımı ən cəsarətli addım idi".M. İbrahimqızı qeyd edib ki, Azərbaycan dünyada terrordan əziyyət çəkən ilk ölkələrdən biridir: "Biz təkcə Ermənistanın işğalçılıq siyasətinə məruz qalmamışıq, dəfələrlə ölkəmizdə, şəhərlərimizdə terror hadisələri törədilib. ABŞ-da 11 sentyabr hadisələri zamanı Azərbaycan antiterror koalisiyasına ilk qoşulan ölkələrdən biri olub. Terrorun nə dini, nə irqi, nə dili, nə vətəndaşlığı, nə də milliyəti var. Bu gün terror Türkiyədə, sabah isə başqa ölkədə baş verə bilər. Çox təəssüf ki, bu gün dünya gücləri riyakar siyasət aparırlar. Fransada baş verən terror zaman bir sıra liderlər orada toplaşaraq həmrəylik göstərdilər. Lakin Türkiyədə demək olar ki, hər həftə terror hadisələri baş verir. Nəyə görə, həmin güclər bu hadisələrdə həmrəylik göstərmirlər? Əfqanıstan, Pakistandan sonra hazırda ən çox terror Türkiyədə baş verir. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, Türkiyənin artan gücünü götürməyən qüvvələr var. Prezidentimiz öz addımı ilə terrorla mübarizə aparan qurumları da utandırdı. Azərbaycan Prezidentin Türkiyənin ən ağır günlərində Qardaş ölkəyə səfərinin bəziləri gözlənilməz hesab etsə də, mənim üçün gözlənilən idi. Çünki, bu addımı yalnız Azərbaycan Prezidenti ata bilərdi".
sia.az