PDF Oxu

Siyasət

  • 59

Bu, məhkum ailələrinə verilmiş ikiqat bayram töhfəsidir

Bu, məhkum ailələrinə verilmiş ikiqat bayram töhfəsidir

Muxtar Nağıyev: "Cənab İlham Əliyev Azərbaycanda digər ölkələrə örnək ola biləcək mütərəqqi əfvetmə institutu formalaşdırıb"

Bildiyimiz kimi, ötən gün Prezident İlham Əliyev tərəfindən növbəti dəfə əfv Sərəncamı imzalandı. Xüsusilə, milli-mənəvi dəyərlərimizin, adət-ənələrimizin bir hissəsini simvolizə edən Novruz bayramı ərəfəsində ölkə rəhbəri tərəfindən atılan bu mütərəqqi, eləcə də müdriklik addımı məhbus həyatı yaşayan yüzlərlə ailəyə sevinc bəxş etmiş oldu. İnsanların bayramına bayram qatan bu addım isə, bir daha sübut edir ki, dövlət başçımızın yürütdüyü uğurlu siyasət prinsiplərinin tərkib hissələrindən biri də məhz humanizm və bağışlamaq dəyəridir.

Bununla bağlı "SƏS"ə açıqlama verən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev bildirib ki, demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə diqqətlə yanaşan Azərbaycan hakimiyyəti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır. Bunun da kökündə tarixi əsaslar dayanır: "Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur. Belə ki, Heydər Əliyev bütün dövrlərdə humanizm məfkurəsindən çıxış edərək, mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutub. Onun humanizm ideyalarına böyük önəm verməsi və real həyatda bunu təcəssüm etdirən addımlar atması vətəndaş həmrəyliyinə xidmət etməklə yanaşı, insanların hakimiyyətə olan etimadını daha da artırdı. Hələ 1995-ci ildə əfv və amnistiya təsisatlarının bərpa edilməsi, Ombudsman İnstitutunun yaradılması, bunun ardınca cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edən əfv sərəncamlarının və amnistiya haqqında fərmanların verilməsi qısa zaman kəsiyində cəmiyyətə yararlı, qanunların aliliyi prinsipini tərəddüdsüz qəbul edən vətəndaşların reabilitasiyasına fundamental töhfələr verdi. Bu gün həmin siyasət Ulu Öndərimizin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yəni bu amil ölkə başçımızın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib".

YAP rəsmisi bildirib ki, artıq Azərbaycanda əfvetmə institutu formalaşıb və bu, digər ölkələrə göstəriləcək örnəkdir: "Möhkəm təməllər üzərində əsası qoyulmuş humanizm siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb və inkişaf etdirib. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imazaladığı çoxsaylı sərəncamları ilə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edib. Əfv edilənlər sırasında dövləti cinayətlərə, dövlətin və xalqın maraqlarına zidd əməllərə görə həbs olunanlar da var idi".

"Bütün bunları təhlil etdikcə, belə bir əhəmiyyətli məqam ortaya çıxır"-deyə vurğulayan Muxtar Nağıyev qeyd edib ki, ümumiyyətlə, mütəmadi qaydada cinayət törədənlərin əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır: "Çünki humanist addımlar mahiyyət etibarilə bəzən qəbul olunmuş ədalət prinsipləri çərçivəsindən kənara çıxaraq, insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi, "yamanlığa yaxşılıqla" cavab verilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Bu, o deməkdir ki, məhkumun cəzadan azad edilməsi həmin şəxsə etimadın göstərilməsinin əlaməti kimi mühüm psixoloji təsirə malikdir. Çünki cinayət törədərək məhkum olunan, eyni zamanda səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir".

M.Nağıyevin fikrincə, dövlətin məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir: "Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına şərait yaradır".

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini daha bir amilə də toxunaraq deyib ki, bu cür humanizm prinsipləri ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan və dünyaya öz xeyirxah əməlləri ilə səs salan fondun prezidenti, ölkənin birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da çıxış edir. O, hər zaman bir millət vəkili kimi Öz xeyirxah təşəbbüsləri ilə vətəndaşların sevgisini və rəğbətini qazanıb: "Ulu Öndər Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Bunun da tarixi əsasları var. Məsələn, 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümü idi. Onda Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə qəbul edilən amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanılmışdı".

Muxtar Nağıyev deyib ki, bu siyasət, bu mütərəqqiçilik addımı hər bizimizin qəlbində fərəh və qürur hissləri yaradır. Belə ki, cəza çəkməkdən azad edilmiş şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxın qohumları dövlətimizin başçısının bu humanist addımını yüksək qiymətləndirərək, şəxsən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər: "Azərbaycan Prezidentinin son Əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir. Bu Sərəncamla əfv olunanlar isə dövlətin onlara etimadını doğrultmalı, azadlığın qədrini qiymətləndirməli, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməlidirlər. Mən də fürsətdən istifadə edərək, möhtərəm ölkə başçımızın verdiyi qərarından sevinən hər bir məhkum ailəsini təbrik edir, ikiqat bayramınız mübarək deyirəm".

R.HÜSEYNOVA

Digər xəbərlər