PDF Oxu

Siyasət

  • 61

Bir bədəndə iki can: Türkiyə-Azərbaycan

Bir bədəndə iki can: Türkiyə-Azərbaycan

Prezident İlham Əliyevin Türkiyəyə səfəri qardaşlığın və əbədi dostluğun göstəricisi oldu

Prezident İlham Əliyev: "Biz həmrəyik, dostuq, qardaşıq. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də biz hər zaman bir-birimizin yanındayıq"

Məlum olduğu kimi, Türkiyədə baş vermiş ikinci böyük terror aktından sonra Azərbaycana səfərini yenidən təxirə salan Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edə bilmədi. Lakin Azərbaycan qardaş ölkənin ağır günündə Türkiyənin yanında olmaq, dərdini paylaşmaq və düşmənlərə birlik gücünü nümayiş etdirmək üçün Prezident İlham Əliyev Ankaraya getdi. Ankaradan mesaj verən Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir: "Biz həmrəyik, dostuq, qardaşıq. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də biz hər zaman bir-birimizin yanındayıq".

Qeyd edək ki, iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycanın iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni yaxınlığının artması bəzi ölkələri sanki narahat edir, regioanda yeni güc qovşağının yaranmasından qısqanclıq duyurlar. Xüsusilə də, erməni lobbisi və Ermənistana dəstək olan bəzi ölkələr Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsindən, bölgədə türk birliyinin hegemonluğunun yaranmasından açıq şəkildə qorxur, Qafqazda işğalçılıq və terrorçuluq siyasətinə zərbə vuracaq bu dövlətlərin siyasi nüfuzunun təsirində məhvə məhkum olacağından narahatçılıq keçirirlər. Eyni zamanda, Avropanın bəzi gücləri Türkiyənin və Azərbaycanın strateji kommunikasiya qovşaqlarına, iqtisadi-coğrafi layihələrdə liderlik etmələrinə, perspektiv ortamüddətli dövrdə regionun sahibinə çevriləcəyindən təşviş keçirirlər.

Tarix hazırda türk dövlətlərinin, Türkiyənin və Azərbaycanın xeyrinə işləyir, bu iki ölkə aparıcı statusda bölgənin xəritəsini çızan qətiyyətli addımlar atırlar. Bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlərdə birləşən Türkiyə və Azərbaycanın regional dominantlığı geniş miqyas alır. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir.

Regionda ən geniş təhlükəsizlik şəbəkəsi sisteminin dayağı olan Bakı-Tbilisi-Ceyhan kəmərinin əsasını qoyan, Bakı-Tbilisi-Ərzurum layihəsini gerçəkləşdirən, Bakı-Tbilisi-Qarsın reallaşmasına yaxın olan bu ölkələr digər strateji layihələrı həyata keçirmək əzmində olmaqla, bütün türkdilli dövlətlərin sıx inteqrasiyasına zəmin yaradıblar. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun və mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.

Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri Türkiyə-Azərbaycan münasibətlərinin keyfiyyət və dinamizm baxımından dərinləşməsi üçün də yeni strateji platforma yaratmış olur. Cənab İlham Əliyev iki qardaş ölkənin həmişə uğurla əməkdaşlıq etdiyini və qarşıda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərdiklərini bəyan edib: "Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi və qardaşlığıdır. Bu, əsas məsələdir və biz dostluğumuzun və qardaşlığımızın möhtəşəm binasını bu təməl üzərində inşa edirik".

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında ölkələr arasında iqtisadi və siyasi əlaqələrin daha da gücləndirilməsini nəzərdə tutan faydalı danışıqlar aparılıb, tərəflər arasında 6 sənəd imzalanıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrini bir daha nəzərdən keçirərək qarşıdakı dövrdə əməkdaşlığın ən yüksək səviyyədə pozitiv inkişafı üçün birgə addımların atılması ilə bağlı təşəbbüsləri artırmaq niyyətindədir.

Bu gün Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz bir formada inkişafı qarşıdakı illərdə regionda iki qardaş ölkənin timsalında güc mərkəzinin yaranacığını ehtiva edir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, ölkələr arasında gələcəyə yönəlmiş strateji hədəflər həm hərbi, həm siyasi, həm iqtisadi, həm ticarət, həm də mədəniyyət sahələrini əhatə edir.

"Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz ən mühüm layihə, bildiyiniz kimi, TANAP-dır. TANAP-da işlər əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq sürətlə irəliləyir. Hətta layihənin nəzərdə tutulan müddətdən əvvəl tamamlanması üçün çalışırıq. TANAP-ın onurğa sütununu təşkil edən "Cənub Qaz Dəhlizi" məsələsində də bütün tərəfdaşlarla sıx əlaqədə çalışırıq... Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də nəqliyyat sahəsindəki mühüm layihəmizdir. Londondan Pekinə qədər dəmir yolu nəqliyyatını mümkün edəcək layihənin, inşallah, dekabrda birlikdə açılışını edəcəyik. Beləliklə də, bu nəhəng layihə açılışı ilə dünyaya önəmli bir mesaj olacaqdır.

Ticari əlaqələrimizə gəldikdə, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi 2015-ci ildə inkişaf tempinə təsir etdi. Buna baxmayaraq, 2023-cü il üçün 15 milyard dollarlıq hədəfimizi qüvvədə saxlayırıq və bunu həyata keçirmək üçün, inşallah, lazım olan tədbirləri görəcəyik" - deyə Rəcəb Tayyib Ərdoğan keçirilmiş birgə mətbuat konfransında bildirib.

Əsrin ən mühüm siyasi-iqtisadi hadisəsi hesab olunan həmin layihə əsasında Azərbaycanla Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaratdı. Saziş dünyanın supergücləri və Avropa İttifaqı tərəfindən böyük rezonans doğurub və yeni enerji əməkdaşlığı ilə bağlı sənəd qlobal miqyasda mühüm əhəmiyyət daşıyan iqtisadi-siyasi hadisə kimi səciyyələndirdilər. Dünya dövlətləri iki qardaş ölkənin böyük qətiyyət nümayiş etdirərək əsrin ən nəhəng layihələrdən birini reallaşdırması təkcə bu regionun ölkələrinin enerji təhlükəsizliyi üçün deyil, ümumilikdə, bütün Avropa və Qərb dünyası üçün starteji əhəmiyyətə malik enerji sistemi kimi qiymətləndirdilər.

Azərbaycan və Türkiyə bölgədə Böyük İpək Yolu şəbəkəsinin hüdudlarının daha geniş və planetar coğrafiya alması üçün qətiyyətli addımlarını sürətləndirib. Bakı-Tbilisi-Qars layihəsinin coğrafi hüdudunun davamı olan yeni polad magistrallar, məsələn, Mərmərə nəqliyyat dəhlizi hər iki ölkənin regional-strateji dominantlığını gücləndirəcək. Qeyd edək ki, Bakı-Tbilisi-Qarsın açılışını etməklə, sanki dəmir yolu şəbəkəsi ilə ölkələr hörüləcək. Dəmir yolu "Marmaray" layihəsi ilə birləşəcək. "Marmaray" layihəsi ilə birləşdikdən sonra da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini əhatə edəcək şəkildə Pekindən Londona qədər dəmir yolu şəbəkəsi olacaqdır. Bu layihə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə birləşərək Qərbi Avropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Aktau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edəcək.

Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi ilə yanaşı, həm ikitərəfli, həm də region üçün ən nəhəng layihələrin reallaşması istiqamətində də səylərin gücləndiriləcəyi nəzərdə tutulub. Bundan başqa, Azərbaycan və Türkiyə neft, qaz, energetika, yüngül və yeyinti sənayesi, maşınqayırma, kənd təsərrüfatı, lizinq, sığorta, xidmət, emal, turizm və digər bölmələrində iri birgə şirkətlər yaratmağı planlaşdırır. Türkiyə şirkətləri respublikamızda yeni iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması ilə bağlı strategiyanın reallaşmasında aktiv iştirak etmək istəyilə sinerji proqramı həyata keçirir. Hazırda isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,2 milyard dollara çatıb. Gələcəkdə bu rəqəmin 15 milyard dollara çatdırilması əsas planlardandır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər