Ötən gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 nəfər əfv olunub. SİA-nın xəbərinə görə, bununla bağlı bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən əfvin icrasına başlanılıb. Sərəncam ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var. Həmçinin əfv olunanlar arasında bir sıra siyasi partiya üzvləri, QHT nümayəndələri və jurnalistlər də var: Hilal Məmmədov, Taleh Xasməmmədov, Tofiq Yaqublu, Nemət Pənahlı, Yadigar Sadıqov, Rəsul Cəfərov, Akif Muradverdiyev, Rəşadət Axundov, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Pərviz Həşimli, Rəşad Həsənov, Ömər Məmmədov, Məmməd Əzizov. Qeyd edək ki, ötən gün dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.
sia.az