"Prezident İlham Əliyevin Türkiyəyə reallaşan səfəri böyük tarixi əhəmiyyət daşıyır"
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Türkiyəyə səfər edib. Rəsmi səfər çərçivəsində həm də iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edən müqavilələr imzalandı.
Politoloq Elşad Mirbəşiroğlu "Səs"ə açıqlamasında Prezident İlham Əliyevin Türkiyəyə reallaşan səfərinin böyük tarixi əhəmiyyət daşıdığını bildirdi: "Hələ fevral ayında Türkiyədə qanlı terror hadisəsinin baş verməsi səbəbindən Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın Azərbaycana gözlənilən səfəri təxirə salınmışdır. Türkiyə prezidenti Bakida Türkiyə və Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etməli idi. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası formatında Türkiyə - Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində çox ciddi işlər görülməkdədir. Bu baxımdan, şuranın iclası əhəmiyyətli idi. Ona görə də, Prezident İlham Əliyev bir jest edərək Ankaraya səfər etdi. Beləliklə, Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası Türkiyədə baş tutdu. Səfər çərçivəsində həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edən məsələlər ətrafında müzakirələr aparıldı. Hərbi sahədə əməkdaşlığı əhatə edən sənədlər də daxil olmaqla, 6 mühüm sənəd imzalandı". Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Ankaraya reallaşan səfəri Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə olacaq: "Onsuz da Türkiyə - Azərbaycan əlaqələri yüksək tenplə inkişaf etməkdə idi. Lakin Prezident İlham Əliyevin belə bir şəraitdə gözlənilməz səfəri göstərdi ki, dövlətlər arasında münasibətlərin yeni bir modeli də təsdiq oluna bilər. Bu modeldə səmimi dostluq, tərəfdaşlıq prnsiplərinə söykənən bir modeldir".
"Türkiyədə iki ölkə arasında hərbi təlimlərin keçirilməsi və bunun ardınca Azərbaycan Prezidentinin Türkiyəyə səfəri Ermənistanla yanaşı, Ermənistana himayədarlıq edən dövlətləri də ciddi narahat edib. Bu narahatçılığın başlıca səbəbini nə ilə əlaqələndirmək olar" sualını cavablandıran E.Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini bütün dünyaya bir mesaj olduğunu qeyd etdi: "Hər şeydən öncə, qeyd etdiyim kimi, bütün dünya Türkiyə-Azərbaycan tərəfdaşlığı və əməkdaşlıqlarının sarsılmaz olduğunu gördü. Yəni bütün dünya bir daha müşahidə etdi ki, Azərbaycan və Türkiyə çətin günlərdə də, yaxşı günlərdə də bir-birlərinin yanındadırlar. Qeyd etdiyim kimi, hərbi sahə də daxil olmaqla müxtəlif istiqamətlərdə, müxtəlif məsələlər ətrafında müzakirələr aparırlar. Bunun ardınca isə Azərbaycan- Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başladı. Bu da ondan xəbər verir ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın xüsusi bir istiqamətini, əsasən hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi təşkil edəcəkdir. Yəni Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığı gələcəkdə regional təhlükəsizliyin təmin olunmasında həlledici amil rolunu oynayacaqdır. Təsadüfü deyildir ki, bu gün bütün dünya regional təhlükəsizliyin təmin olunmasında Azərbaycan-Türkiyə əməkdaşlığını çox ciddi amil hesab edirlər. Bu baxımdan, bu həm işğalçı Ermənistana, həm də münaqişə vəziyyəti ilə bağlı qeyri-obyektiv mövqe sərgiləyən dövlətlər üçün bir mesajdir".
GÜLYANƏ