Prezident İlham Əliyev: "Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır... Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır"
Son bir ay ərzində qardaş ölkə Türkiyədə, eyni zamanda, təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilən Avropa ölkələrində terror hadisələrinin baş verdiyini hər kəs bilir. Əlbəttə ki, Yaxın və Orta Şərqdə, xüsusilə də, Suriyada başlanmış vətəndaş müharibəsi, İŞİD adlı terrorçu təşkilatın nəzarətsiz hərəkətləri və miqrant problemi təhlükəsizlik problemini yenidən gündəmə gətirməkdədir. Artıq insanların təhlükəsizliklərini təmin etmək ayrı-ayrı dövlətlərin qlobal tendensiyadan ayrılmış formada həyata keçirilməkdədir. Hətta bir sıra ölkələrdə terror təhlükəsilə əlaqədar ciddi tədbirlər reallaşdırılmaqdadır.
Belə ki, Brüsseldə baş verən terror aktlarından sonra İspaniya təhlükəsizlik orqanları vəziyyəti analiz edərək, terror təhlükəsi səviyyəsini 4-cü səviyyədə müəyyən ediblər. Mütəxəssislər hesab edirlər ki, İspaniya antiterror koalisiyasının üzvü kimi terrorçuların hədəfindədir. İspaniyada hazırkı terror təhlükəsizliyinin 4-cü səviyyəsi ötən il Tunisdə baş verən kütləvi gülləbaran hadisəsindən sonra tətbiq edilmişdi. Beşinci səviyyə isə ordunun ölkənin bütün şəhərlərində küçələrə çıxarılmasını və strateji obyektlərin onlar tərəfindən qorunmasını nəzərdə tutur.
Qeyd edək ki, Brüsseldə baş verən terror aktı terrorizmlə mübarizə istiqamətində daha ciddi tədbirlərin həyata keçirilməsinin vacibliyini bir daha göstərdi. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu Avropa ölkələrində biri-birinin ardınca dəhşət saçan terror aktlarının baş verməsi qitə liderlərini ayağa qaldırıb. İtaliyanın baş naziri Matteo Renzi Avropanın terrorizmə qarşı vahid təhlükəsizlik strategiyası tətbiq etməsinin vacibliyinə dair çağırışlar edib. O. vurğulayıb ki, sadə insanların ölümü ilə nəticələnən, ardı-arası kəsilməyən terror aktlarına Avropanın cavabı yüksək təhlükəsizliyi və mükəmməl kəşfiyyatı əks etdirən "Avropa Pakt"ının hazırlanması olmalıdır. Baş nazir diqqətə çatdırıb ki, Avropanın müxtəlif şəhərlərində gizlənən terrorçular qlobal hədəyə çevrilib və bu problemlə mübarizə aylar, hətta illər boyu davam edə bilər. Bu səbəbdən Avropa ölkələri vahid təhlükəsizlik strategiyası üzrə hərəkət etməlidirlər.
İtaliya Prezidenti Sergio Mattarella da bu mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq üçün həmrəylik göstərməyin vacibliyini qeyd edib. Bildirib ki, təhlükəsizlik, hərbi hazırlıq, mədəni əməkdaşlıq və davamlı inkişaf bu həmrəyliyin əsas elementləri olmalıdır. Çünki insanlığın gələcəyi və azadlıq hazırda bu həmrəyliyin möhkəmlənməsindən asılıdır.
Brüsseldə törədilən terror aktından sonra İtaliyada uzun müddətdir davam edən təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. Bu ölkənin daxili işlər naziri Ancelino Alfano məlumat verib ki, təhlükə səviyyəsi əvvəlki kimi ikinci səviyyədə saxlanılsa da, terrorçuların hədəf olaraq seçə biləcəyi bütün məkanlarda təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi üçün yeni göstərişlər verilib. Nazir bildirib ki, İtaliyada tətbiq olunan preventiv sistem faydalı nəticələr verir. Bununla belə, terror təhlükəsindən tamamilə sığortalanmaq mümkün deyil. Bunları nəzərə alaraq, Avropa İttifaqı ölkələrinin inteqrə olunmuş müdafiə sistemini qəbul etməsi zəruridir.
Bununla yanaşı, Tacikistan son vaxtlar Əfqanıstanda, o cümlədən sərhəddə yerləşən Kunduz əyalətində terrorçu qruplaşmaların fəallaşmasından narahatdır. Buna görə də Tacikistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Əfqanıstanla olan 1300 kilometr sərhədin gücləndirilməsinə kömək göstərməyi xahiş edib. Məlumata görə, Tacikistanla həmsərhəd Kunduz əyalətinin Kalai Zor, Çordari və Daşti qəzalarının 80 faizi terrorçu qruplaşmaların nəzarəti altındadır. Həmin ərazilərdə "Taliban", İŞİD, "Mustafoi tajik" və digər qruplaşmalar məskunlaşıb.
Göründüyü kimi, zamanında terror probleminə diqqət çəkməyən ölkələr artıq bu bəlanın qurbanlarına çevrilməkdədirlər. Lakin sözügedən dövlətlərdən fərqli olaraq bütün istiqamətlər üzrə rasional siyasətilə fərqlənən Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Prezident İlham Əliyevin sözlərilə desək, "bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır... Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır. Biz çalışırıq və çalışacağıq ki, ölkəmizi bütün mümkün risklərdən qoruyaq, xalqımızın rahat yaşamasını, təhlükəsiz həyatını təmin edək və ölkəmizi inkişaf yolu ilə irəliyə aparaq".
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı məsələyə toxunaraq bildirib ki, bugünkü dünyada bir çox ölkələr üçün təhlükəsizlik məsələləri ön plana çıxır: "Azərbaycan bu sahədə nümunəvi ölkədir. Azərbaycan xalqı rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə biz dünya miqyasında liderlər sırasındayıq. Bir sözlə, hər bir ölkənin inkişafı üçün ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas şərtlərdir. Biz qürur hissi ilə deyə bilərik ki, müstəqillik illərində, xüsusilə son illər ərzində Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilir. Biz heç bir ölkənin daxili işinə qarışmırıq, heç bir avantüraya qoşulmuruq, öz işimizlə məşğuluq, öz ölkəmizi inkişaf etdiririk, xalqımızın rifahını təmin edirik. Əlbəttə, heç vaxt imkan verməmişik və verməyəcəyik ki, kimsə bizim daxili işimizə qarışsın. Çünki Azərbaycan xalqı öz taleyinin sahibidir. Biz ölkəmizin inkişafı, çiçəklənməsi üçün əlimizdən gələni edirik. Bütün Azərbaycan cəmiyyəti vahid ideya, amal uğrunda birləşibdir - ölkəmizi gücləndirək, iqtisadiyyatı inkişaf etdirək, xalqımızın rifah halını daha da yüksəklərə qaldıraq.
Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir. Bu ilin ilk ayları bunu bir daha göstərir. Bütün beynəlxalq məsələlərlə bağlı bizim prinsipial mövqeyimiz var və bu mövqeyə heç bir kənar qüvvə təsir edə bilməz. Biz ədalətin, beynəlxalq hüququn, əməkdaşlığın tərəfdarıyıq. Biz heç vaxt imkan verməmişik, vermirik və verməyəcəyik ki, Azərbaycan başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilsin. Əksinə, Azərbaycan əməkdaşlıq məkanıdır. Biz bölgədə sabitləşdirici, barışdırıcı rol oynayırıq. Bizə olan hörmət getdikcə artır. Çünki bizim sözümüzlə əməlimiz birdir. Biz prinsipial mövqe nümayiş etdiririk. Bəzi ölkələrin bu mövqedən xoşu gəlməyə bilər, ancaq bu, bizim problemimiz deyil. Belə olan halda, əlbəttə ki, təzyiqlər də olacaq, bizi müxtəlif səmtlərə çəkmək üçün səylər göstəriləcək. Amma eyni zamanda, bizə olan hörmət daha da artacaq. Biz öz siyasətimizlə dünya miqyasında böyük hörmət qazanmışıq və bu hörmət getdikcə artır.
Son iki ay ərzində - yanvarın sonlarından bu günə qədər səkkiz dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Mən son iki ay ərzində bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm, həmçinin Davos Dünya İqtisadi Forumunda. Bu forum dünya miqyasında bir nömrəli iqtisadi və siyasi forumdur. Azərbaycan bu forumda fəal iştirak edir, öz sözünü deyir. Azərbaycana olan maraq getdikcə artır. Münxen Təhlükəsizlik Konfransı, hesab edirəm ki, dünya miqyasında əhəmiyyət baxımından Davosdan sonra ikinci beynəlxalq tədbirdir. Orada da Azərbaycan hər il iştirak edir, öz sözünü deyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı öz sözünü deyir və bütün arqumentlərlə erməni təbliğatını darmadağın edir. Bu il mən London konfransında iştirak etmişəm. Bu konfrans da çox önəmli idi. O konfransda iştirak Azərbaycanın önəmini, dünyada oynadığı rolu və əlbəttə ki, bizə olan rəğbəti göstərir. Mənim Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə rəsmi və işgüzar səfərlərim olub. Yəni yanvar ayının sonundan bu günə qədər Azərbaycan çox fəal xarici siyasət aparmışdır. Sadaladıqlarım ancaq mənim iştirak etdiyim tədbirlərdir. Bundan başqa, digər böyük tədbirlər də keçirilmişdir. Bakıda IV Qlobal Forum keçirilmişdir. Bu forumda 50-dən çox fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçısı iştirak etmişdir. Bütün bu amillər onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük rol oynayır və bu rol, xüsusilə indiki zəmanədə daha da artır. Dünya ictimaiyyəti görür ki, bizim bölgədə sabit olan, prinsipial siyasət aparan ölkələrin sayı o qədər də çox deyil".
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan siyasi və iqtisadi inkişafı ilə yanaşı, təhlükəsiz ölkə olması ilə də dünya ölkələrinə nümunədir. Elə bu gün dünyada baş verən hadisələrin fonunda Azərbaycanda cərəyan edən sabit proseslərə nəzərən dediklərimiz təsdiqini tapmış olur.
"Səs" Analitik Qrupu