"Azərbaycan Respublikası Beynəlxalq Nüvə Təhlükəsizliyi problemlərində çox fəal rol oynayır. Eləcə də qlobal səviyyədə Nüvə Təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona edəcəyi səfərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikası həmçinin nüvə silahlarının yayılmaması haqqında konvensiyanın üzvüdür: "Beləcə konvensiya çərçivəsində üzərinə düşən öhdəliklərini çox məsuliyyətlə ciddi şəkildə yerinə yetirir. Azərbaycan dövləti də dünya birliyi ilə həmrəy olaraq məhz nüvə texnologiyasının öz sülhməramlı və dinc məqsədlərlə istifadə edilməsinin tərəfdarıdır. Bunun da təbii ki, müxtəlif sahələrdə - kənd təsərrüfatı, tibb və digər sahələrdə çox effektiv təyinatı vardır. Nüvə texnologiyası dinc məqsədlərlə istifadə edildiyi təqdirdə bu pozitiv imkanlara və fürsətlərə yol aça bilər".O əlavə edib ki, Azərbaycan dövləti atom enerjisi üzrə beynəlxalq agentliyin və nüvə sınaqlarının hərtərəfli qadağan olunması üzrə beynəlxalq təşkilatın fəal üzvüdür: "Bu təşkilatlar çərçivəsində də müxtəlif layihələr üzrə yaxından əməkdaşlıq edilir. Ona görə də Azərbaycan Respublikasının nüvə təhlükəsizliyi məsələlərində yaxından töhfəsi vardır. Bu əsnada da IV Nüvə Təhlükəsizliyi Sammitində də ölkəmizin ən yüksək səviyyədə təmsil olunması ilk növbədə ölkəmizə beynəlxalq səviyyədə verilən əhəmiyyətin və önəmin qiymətidir. Həmçinin bu, dövlətimizin nüvə təhlükəsizliyi məsələləri ilə əlaqədar olan rolunun təqdiredici bir faktıdır".
sia.az