PDF Oxu

Siyasət

  • 47

Nizami rayonunda 31 mart Soyqırımı qurbanları anılıb

Nizami rayonunda 31 mart Soyqırımı qurbanları anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə öncə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və erməni daşnakları tərəfindən törədilmiş qırğının dəhşətlərindən bəhs edən sənədli filmə baxış keçirilib.

Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat verib. Bildirilib ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorial kompleksləri yaradılıb, çoxlu əsərlər, məqalələr yazılıb, abidələr qoyulub. Qeyd olunub ki, sovet hakimiyyəti illərində Şaumyanın, Andranikin, Mikoyanın və onlarla "erməni liderləri"nin ciddi səyi ilə Rusiya imperiyasının XIX və XX əsrdə həyata keçirdiyi siyasət Stalin tərəfindən də davam etdirilib. Tarixi Azərbaycan torpağı olan müasir Ermənistan ərazisində yaşayan azərbaycanlılar vətənlərindən, ana yurdlarından "əkinçiliyin inkişafına töhfələr vermək" adı ilə köçürülüb, sərhəd zonasında yaşayanların bir hissəsi isə "siyasi motivlər"lə Qazaxıstana və Sibirin müxtəlif yerlərinə sürgün olunub. Bu siyasət nəticəsində minlərlə azərbaycanlı, türk, kürd tarixi ədalətsizliyin qurbanına çevrilib və nəsillər məhv edilib.

1988-ci ildən başlayaraq ermənilər terrorçuluq və seperatizm siyasətini yenidən alovlandırıb və azərbaycanlılara qarşı soyqırımı siyasəti planlı, məqsədli və düşünülmüş şəkildə davam etdirilib. Bu gün dünyanın bir çox ölkələrinin parlamentləri tərəfindən tanınan Xocalı soyqırımı həmin genosid siyasətinin müasir günlərimizdəki davamı kimi səciyyələndirilə bilər. İki yüz ildən çox davam edən bu soyqırımı cinayətlərinə tarixi və hüquqi baxımdan ən ədalətli qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük və tarixi xidmətləri olub.Sədaqət Vəliyeva azərbaycanlılara qarşı ermənilərin zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və başqaları bildiriblər ki, soyqırımının dərindən öyrənilməsi, anılması, xatırlanması ölkədə vətənpərvərlik hissinin güclənməsinə, azərbaycançılıq ideologiyasının dərindən dərk edilməsinə əhəmiyyətli təsir göstərir.

Natiqlər azərbaycanlılara qarşı soyqırımının tanınmasında ölkədə və beynəlxalq səviyyədə tədbirlərin keçirilməsininin vacibliyini vurğulayıblar və azərbaycançılıq ideologiyasının həyata keçirilməsi uğrunda Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsinə dəstək olmağa çağırıblar.

sia.az

Digər xəbərlər