PDF Oxu

Siyasət

  • 63

Qlobal böhran şəraitində inkişaf edən Azərbaycan

Qlobal böhran şəraitində inkişaf edən Azərbaycan

İlham Əliyev: "Azərbaycan sosial-iqtisadi cəhətdən dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir"

Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisi getdikcə sürətlənir, həyata keçirilən mühüm dövlət proqramları, məqsədyönlü islahatlar ölkənin davamlı və tarazlı inkişafına geniş imkanlar yaradır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın firavan gələcəyinə hesablanmış iqtisadi siyasətin hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Azərbaycan dünyada sabitlik adası, inkişaf məkanıdır

Son 12 ilin statistik rəqəmləri Azərbaycanın keçdiyi yüksək inkişaf yolunu, ölkənin sosial-iqtisadi tərəqqisinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını əyani şəkildə sübut edir. Belə ki, son illərdə dünyada bir sıra arzuolunmaz proseslər baş verib və hazırda mənfi tendensiyaların yeni dalğası baş qaldırıb. Siyasi qarşıdurmalar, müharibələr, maliyyə-iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və bu kimi digər kataklizmlər ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Lakin dünyadakı belə arzuolunmaz mənzərə ilə müqayisədə Azərbaycan qlobal risklərə möhkəm dayanıqlılıq nümayiş etdirir. Dünyada gedən məlum proseslər Azərbaycana nəinki təsirsiz ötüşüb, hətta ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb.

Son 12 ildə Azərbaycanda ÜDM istehsalı 3,4 dəfə artıb

Hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada, kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə də ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici, məhz Azərbaycanda qeydə alınıb. Prezident İlham Əliyev haqqında bəhs olunan konfransdakı çıxışında ölkəmizin son 11 ildə ÜDM istehsalında dünya üzrə rekord göstəriciyə nail olduğunu xüsusi vurğulayıb: "2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir".

Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə ÜDM istehsalının artım dinamikası "Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının birinci ilində də saxlanılıb. Ötən il bu sahədə 3 faiz artıma nail olunub. Ölkə iqtisadiyyatının genişlənməsi nəticəsində son illərdə respublikamızda makroiqtisadi sabitlik təmin olunub, əhalinin gəlirləri artıb, ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə enib. Eyni zamanda, əhalinin gəlirlərinin təxminən 4,8 faiz artmasının müqabilində inflyasiya çox aşağı səviyyədə qalıb-cəmi 1,4 faiz.

Bütövlükdə, dünya üçün çətin keçən illərdə ölkəmizin iqtisadi inkişaf dinamikasını saxlaması Azərbaycanın qlobal risklərə həssas olmadığını bariz şəkildə nümayiş etdirir. Bu da, ilk növbədə, ölkəmizdə iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi ilə bağlıdır. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət sayəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı aradan qaldırılıb və qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin üstün inkişafı təmin olunub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, hazırda ölkəmizdə ümumi daxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Qeyri-neft sektorunun inkişafında bu sahəyə dövlət tərəfindən ayrılan güzəştli kreditlər, infrastruktur təminatı mühüm rol oynayıb. Konfransda vurğulandığı kimi, təkcə ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib.

Azərbaycanın dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır

Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət, ilk növbədə, sosial mahiyyəti ilə fərqlənir. Ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Ona görə iqtisadi amil, bax, bu imkanları yaradır. Eyni zamanda, ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq. Ona görə biz sosial sahəni də prioritet kimi götürmüşük".

Təsadüfi deyil ki, Prezident İlham Əliyev fəal əhalinin məşğulluğunun təmin olunmasının, yeni iş yerləri yaradılmasının daimi prosesə çevrilməsini, eyni zamanda, ölkədə mükəmməl sosial infrastruktur yaradılmasını dövlət siyasətinin əsas prioritetləri kimi müəyyənləşdirib. Təkcə onu vurğulamaq kifayətdir ki, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkədə 1 milyon 300 mindən çox yeni iş yerləri yaradılıb ki, bu da əhalinin sosial təminatında çox mühüm amil kimi çıxış edir. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu göstərici 565 dollardır. Orta aylıq pensiya 24 dollardan 221 dollara çatıb. Ötən 12 ildə ölkənin hər yerində sosial infrastruktur layihələri reallaşdırılıb. Bəhs olunan dövrdə respublikada 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Ötən 12 ildə sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza- qaçqın və məcburi köçkünlərə də daim qayğı ilə yanaşılıb. Belə ki, bəhs olunan dövrdə respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımız üçün 84 qəsəbə salınıb, 210 min köçkün yeni, hər cür rahatlığa malik mənzillərə köçürülüb. Bu məqsədlər üçün 2 milyard manat vəsait xərclənib. Respublikada 12 il ərzində 210 min insanı yeni mənzillərdə yerləşdirməyin asan olmadığını bildirən Prezident İlham Əliyev onu da vurğulayıb ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək: "Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait nəzərdə tutulur".

Nəticə etibarilə, Azərbaycanda sosial siyasət dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu baxımdan, davamlı islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər