PDF Oxu

Siyasət

  • 47

ABŞ-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

ABŞ-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri iki dövlət arasındakı körpülərin təməlini möhkəmləndirir

Ölkəmiz öz müstəqilliyini bərpa etdiyi dövrdən başlayaraq, xüsusilə 1993-cü ilin ikinci yarısından və sonrakı illərdən etibarən ABŞ-la əlaqələrinə hər zaman önəm verib. Nəticədə, bu əlaqələr sayəsində həmişə sıx əməkdaşlıq, səmimiyyət və strateji əhəmiyyət kəsb edən münasibətlər yaranmağa başlayıb. Ümumiyyətlə, Azərabaycanın strateji partnyorluqda daim etibarlı tərəfdaş kimi qəbul edilməsi bir çox beynəlxalq siyasi dairələr tərəfindən vurğulanır. Məhz bu baxımdan, ölkəmizin siyasi elitası xarici ölkələrdə, eləcə də ABŞ-da keçirilən bütün mötəbər tədbirlərdə nüfuzlu iştirakçı kimi dəyərləndirilməkdədir. Təbii ki, burada dayanan daha bir faktor yürüdülən uğurlu xarici siyasətdir ki, bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmin siyasət Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürü

Bu baxımdan, ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizlik Sammitinə Prezident İlham Əliyevin də dəvət alması Azərbaycana və Ounn yürütdüyü uğurlu siyasətə verilən əhəmiyyətli diqqətin nəticəsidir. Həmçinin, Prezident İlham Əliyevin sammitə dəvət olunması, eyni zamanda, ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür. Biz bunu Onun ABŞ-ın dövlət katibi Con Kerri ilə keçirdiyi görüşündə də gördük.

Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq şəkildə göstərir. Belə ki, Kerri Prezident İlham Əliyevə Azərbaycanın iqtisadi imkanlarının, eləcə də regional təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətinə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürünü ifadə edib.

Azərbaycan Avropanın strateji maraqlarının təmin edilməsində ciddi addımlar atır

Əlbəttə ki, ölkəmizin enerji sahəsində gücü və potensialı artıq dünyada aparıcı mövqe kimi dəyərləndirilir və bu faktor ABŞ rəhbərliyi tərəfindən də etiraf edilir. Məhz bu səbəbdən, Con Kerri iki ölkə arasında bir çox sahələri əhatə edən və üzərində birgə iş aparılan qarşılıqlı maraqların olduğunu xüsusi qeyd edib.

ABŞ-ın dövlət katibi sözügedən istiqamətdə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırlmasına toxunaraq Azərbaycanın liderliyini yüksək qiymətləndirib, Avropanın uzunmüddətli strateji maraqlarının təmin edilməsi, enerji mənbələrinin şaxaləndirilməsi üçün layihənin ciddi addım olduğunu vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti də nəzərlərdən yayınmayıb

Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olmasının səbəblərdən biri də beynəlxalq təhlükəsizliyin təmin olunmasında atdığı vacib addımlardır. Əlbəttə ki, ABŞ tərəfi bu önəmli məsələni də yüksək qiymətləndirir, ölkəmizin hərbi potensialının antiterror əməliyyatlarındakı uğurlarını dəstəkləyirlər. Bu baxımdan, Con Kerri öz çıxışı zamanı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Təbii ki, uzun illərdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti də nəzərlərdən yayınmayıb. Belə ki, Con Kerri ABŞ-ın Dağlıq Qarabağ probleminin, nəhayət öz həllini tapdığını görmək istədiyini bildirib.

Ona görə də əminliklə vurğulaya bilərik ki, Azərbaycan Prezidentinin səfəri ölkəmizlə ABŞ arasında fəal siyasi dialoqun, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcudluğunun uğurlu davamıdır.

Regional təhlükəsizlik məsələləri üzrə uğurlu tərəfdaşlıq

Beləliklə, nəticədə, bu cür qənaətə gəlmək olar ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırmışdır ki, bu da fəal iqtisadi əməkdaşlığın nümunəsi kimi səciyyələndirilir. Tarixə silinməz izlər qoyan möhtəşəm layihələrin reallaşdırılması da bu cür düşünməyə rəvac verir. Məsələn, Azərbaycanın liderliyi və ABŞ-ın fəal dəstəyi ilə ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələr həyata keçirilmişdir.

O cümlədən, Azərbaycan rəhbərliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda verən bir layihədir. Bu kimi nəhəng layihələrin davam etdirilməsi marağının öz gücündə qalması isə artıq, önəmli sifariş kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə də tərəfdaşdırlar. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər. Bütün bunlar isə hər iki ölkənin siyasətlərində uzlaşan məqamlardır.

Artıq əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker və digər rəsmi şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaqdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər