Prezident İlham Əliyev: "Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların - istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir"
Hər bir ölkə dünya birliyinin subyekti olaraq özünün milli maraqlarına cavab verən müstəqil siyasət həyata keçirmək istəyir. Məhz bu kontekstdən məsələyə yanaşaraq, qeyd etməliyik ki, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdə söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Müstəqil siyasət yeridən Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın dövləti maraqları hər şeydən üstündür. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət bu gün çox uğurla və yeni formada davam etdirilməkdədir.
ABŞ - Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur
Bu siyasət ölkə Prezidenti İlham Əliyvlə ABŞ dövlət katibi Con Kerri arasında keçirilən görüşü zamanı bir daha aydın şəkildə göründü. Səfər zamanı Con Kerri ikitərəfli münasibətlərdə çox sahələr üzrə qarşılıqlı maraqlarının mövcudluğunu vurğulamaqla yanaşı, sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə və Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdar olduqlarını da qeyd etdi. Mürəkkəb regionda yerləşən respublikamızla tərəfdaşlığın önəmini vurğulayan C.Kerrinin Azərbaycan Prezidentinin "Cənub Qaz Dəhlizi" layihəsinə rəhbərlik missiyasını yüksək qiymətləndirməsi, həmçinin məlum ehtiyacların qarşılanması üçün çox ciddi səylər göstərməsinə və bu məsələni diqqət mərkəzində saxlamasına görə ölkə rəhbərimizə təşəkkür etməsi, şübhəsiz ki, Ağ Evin şəxsən Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi birmənalı dəstək, Onun liderlik keyfiyyətinə bildirdiyi yüksək qiymətdir.
Dövlət katibinin Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edərkən söylədiyi "Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxələndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır" bəyanatı isə Azərbaycan liderinin geosiyasi müstəvidə yürütdüyü təşəbbüslərdən ABŞ-ın məmnun olmasına dəlalət edir.
Görüş zamanı Con Kerrinin Prezident İlham Əliyevə Azərbaycan üçün iqtisadi imkanların artırılması üçün fəaliyyətinə, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üçün göstərdiyi səylərinə görə də təşəkkür etdi. Ən mühüm məqamlardan biri isə dövlət katibinin Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirməsi və Azərbaycanda gedən iqtisadi islahatların, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin Vaşinqtonda maraqla izlənildiyini vurğulaması idi.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərinə yüksək dəyər verərək, 25 illik əlaqələrin həmişə sıx, səmimi olduğunu, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatdığını və fəal siyasi dialoqun mövcudluğunu xüsusi qeyd etdi: "Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir".
Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığın olduğunu, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırdığını vurğuladı: "Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri təxminən 10 milyard bizim iqtisadiyyatımıza sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Biz birgə vacib layihələri, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə "Cənub Qaz Dəhlizi"nin üzərində işləyirik. Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların - istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir. ABŞ hökumətinə bu layihənin icrasında güclü dəstəyinə görə təşəkkür edirik. Səmimi desək, bu dəstək olmadan bu layihənin reallaşması daha uzun müddət və səy sərf etməli olardıq. Biz işləri davam etdiririk. 2 ildən sonra "Cənub Qaz Dəhlizi" istifadəyə veriləcək."
Beləliklə, indi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ixracatçısı kimi şöhrətini artırmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz ölkəsi kimi tanınır. Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma bu gün qaza daha çox böyük tələbat vardır... Azərbaycanın qaz imkanları çox böyük səmərə ilə işə salınır".
Göründüyü kimi, sözügedən görüşlərdə Azərbaycanın, bütün sahələrdə olduğu kimi, enerji sahəsində lider ölkə olduğu bir daha öz təsdiqini tapdı.
RƏFİQƏ KAMALQIZI