İlham Əliyev: " Bugünkü gün onlar üçün yaxşı dərs olacaq"
Artıq 22 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında qəbul edilən atəşkəs rejimi tətbiq edilsə də, qarşı tərəf buna əməl etmir və işğalçı rejim dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir. Ermənistanın hərbi hissələri təmas xəttində aprelin 2-dən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribat törədiblər.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri həyata keçiriblər. Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-tədbirlər nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub. Azərbaycan ordu birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin Ermənistan silahlı qüvvələrinin 200-dən çox itki verdiyi bildirilir.
Son iki gündə Qarabağ cəhbəsində fəal döyüş əməliyyatlarının başlaması beynəlxalq təşkilatları da narahat edib. Ən yüksək səviyyədə verilən bəyanatlarda tərəflərə atəşkəsi bərpa etməyə çağırışlar edilib. Artıq Azərbaycan Müdafiə Nazirliyi beynəlxalq təşkilatların təkidli xahişlərini nəzərə alaraq, birtərəfli şəkildə atəşkəsi dayandırmaq barədə qərar qəbul edib. Bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə, qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək. Ermənistan tərəfi, hələlik beynəlxalq təşkilatların cağırışlarına adekvat reaksiya veməyib. Bu isə rəsmi Yerevanın təcəvüzkar siyasət yürütdüyünü bir daha sübut etdi.
Cəbhədə baş verən döyüşlərin pərdəarxası məqamları
Ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir. Bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır.
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dediyi kimi, düşmənin Azərbaycanın dinc əhalisini atəşə tutduğu nöqtələr darmadağın edilib və həmin ərazilər nəzarətə götürülüb. Azərbaycan Ordusu hücum əməliyyatlarını davam etdirsəydi, bunu bütün cəbhəboyu həyata keçirərdi və işğal olunmuş ərazilərin qaytarılması üçün bütün vasitələrdən yararlanardı. Çünki Ermənistan silahlı qüvvələrinin müdafiə xətti qısa müddət əzrində Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılmışdı və erməni mediasının yazdığı kimi, Ermənistan silahlı qüvvələrində yaşanan ruh düşkünlüyündən maksimum istifadə edilərdi. Amma Azərbaycan ATƏT-in Minsk Qrupu qarşısında götürdüyü öhdəliklərə sadiq qalaraq hücum əməliyyatlarını dayandırdı. Amma beynəlxalq hüquq rəsmi Bakıya işğal olunmuş bütün ərazilərini Ermənistan silahlı qüvvələrindən azad etmək imkanını tanıyırdı. Azərbaycan Ermənistandan fərqli olaraq, növbəti dəfə münaqişənin sülh yoluyla həllində maraqlı olduğunu dünyaya nümayiş etdirdi. Əks-təqdirdə isə hərbi variantın qaçılmaz olduğunu Ermənistan və dünya ictimaiyyətinə göstərmiş oldu.
Artıq Ermənistan ictimaiyyəti başa düşməlidir ki, Azərbaycan 90-cı illərin əvvəllərində olduğu kimi, zəif dövlət deyil və istənilən təxribata sarsıdıcı cavab verməyə qadir ordusu var.
Ermənistan rəhbərliyi artıq çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Ermənistanın son davranışının arxasında, həmçinin məhz bu amil də durur.
"Azərbaycanın prinspial mövqeyi var, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq"
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Ermənistanın təxribatları cavabsız qalmasın və qalmayacaq da. Dövlət başçısı deyib ki, biz səbr, dözümlülük, konstruktivlik göstəririk: "Baxmayaraq ki, 20 ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq, yenə də məsələnin sülh yolu ilə həllini tapmasına çalışırıq. Mən dəfələrlə bəyan etmişəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, müharibə istəmirik. İstəmirik ki, qan tökülsün, anaların göz yaşı axsın. Azərbaycan, erməni analarının göz yaşlarının tökülməsini istəmirik. Ancaq biz öz haqqımızı tələb edirik. Bir daha deyirəm ki, məsələni sülh yolu ilə həll etmək istəyirik, ancaq biz bundan sonra da sonu bəlli olmayan prosesdə, sadəcə, görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, Ermənistan tərəfi də bunu bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır, bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal-diktatura rejimi öz ölkəsini uçuruma aparır ".
Ölkə rəhbəri onu da vurğulayıb ki, Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıb, iqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanıb, diktatura hökm sürür: "Kriminal rejim, ilk növbədə öz xalqının qənimidir. Ona görə də erməni xalqının gələcəyi yalnız qonşularla normal münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən keçir ki, qonşu ölkənin torpaqlarının 20 faizini işğal edəsən, soyqırımı törədəsən, ondan sonra da soyqırımına məruz qalan xalqı günahlandırasan ki, biz burada atəşkəsi pozuruq?! Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinspial mövqeyi var, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, bunun başqa yolu yoxdur. Dağlıq Qarabağda yaşayan erməni əhalisinə gəlincə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi bu ölkədə rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bir çox ölkələr üçün Azərbaycan nümunədir, multukulturalizm məkanıdır, tolerantlıq diyarıdır. Münaqişə ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalıdır. Xalqların öz müqəddəratını təyin etmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Helsinki Yekun Aktı məhz bunu diqtə edir".
Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Azərbaycan münaqişənin həlli ilə bağlı öz prinspial mövqeyindən dönməyəcək: "Bununla bərabər biz danışıqlara sadiqik. Bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, Ermənistanın təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, aprelin 2-si bugünkü gün onlar üçün yaxşı dərs olacaq".
Azərbaycan, ona xor baxanlar üçün cəhənnəmdir!
Doğrudur, bu gün cəbhədə oğullarımız Vətən uğrunda şəhid olur, Vətən torpağına qarışır. Bu gün canını bu torpaqlar uğrunda fəda edən igid balalarımız sabah həmin faciələrin yenidən yaşanmaması üçün bunu edirlər və bu gün Ali Baş Komandanımız hər an gözlənilən əmri verə bilər. Ancaq özlərini "zavalı" kimi aparan tülkü qədər bic və xain olan ermənilər bilməlidirlər ki, Azərbaycana xor baxanlar üçün son mənzil məzarlıq və cəhənnəmdir!
RƏFİQƏ HÜSEYNOVA