Məqsəd Azərbaycanın diplomatik uğurlarına kölgə salmaqdır
Cəbhə bölgəsində davam edən məlum hadisələr fonunda işğalçı Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətə, siyasi dairələrə etdiyi və adət halı alan çağırışları bu dəfə daha çox nəticəsiz qalmaqdadır. Daha dəqiq desək, bu nəticəsizlik Sarkisyan rejimini daha da azğınlaşdırır ki, belə azğınlıq ona baha başa gəlməkdədir. Məsələn, təkcə bir misalı gətirə bilərik ki, erməni hərbi birləşmələrinin təxribatları nəticəsində Azərbaycan Ordusunun güclü cavabı və mövqelərində irəliləməsi Ermənistan hakimiyyətinin BMT-nin Təhlükəsizlik Şurasının dərhal toplanması tələbi ilə çıxış etməsinə səbəb oldu. Halbuki Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışmaqla yanaşı, bu məqsədlə bütün mümkün vasitələrdən istifadə ediblər. O cümlədən, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dörd qətnaməsinə bugünə qədər əməl etməyiblər. Məhz bundan sonra onların haray-şivən qoparmaları ciddi təsir göstərməməkdədir.
Ermənistan hazırkı vəziyyətdə öz təxribatlarının qurbanına çevirlib
Beləliklə, Ermənistan rəhbərliyi bütün sülh təşəbbüslərini bloklayır, sülh istəmir və mövcud status-kvonun saxlanması üçün əlindən gələni edir. Digər tərəfdən, ATƏT Minsk Qrupunun bu günə kimi münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb. Ümumiyyətlə, müxtəlif illərdə beynəlxalq vasitəçilərin təşəbbüsü ilə aparılmış yüksək səviyyəli danışıqlar zamanı əldə olunmuş praktiki nəticələr sonrakı dövrə, məhz Ermənistanın təxribat əməlləri nəticəsində iflasa uğrayıb. Bunu müxtəlif illərə söykənən çoxsaylı faktlar da sübuta yetirir.
Tarixlər də bunu sübut edir
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda IV Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparıb. Bu danışıqlar çərçivəsində ABŞ siyasi dairələri qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan etməklə yanaşı, Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub.
Bundan əvvəl - 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi ilə bağlı təkliflə çıxış etmiş, bu məqsədlə həm Azərbaycana, həm də Ermənistana səfər etmişdir. 2016-cı il martın 10-da isə Sarkisyan Moskvaya dəvət olunmuş və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılmışdır. Həmçinin, bu günlərdə Bakıya səfəri nəzərdə tutulmuş Rusiya xarici işlər naziri Sergey Lavrov və s. diplomatlarla da münaqişənin həlli ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.
O cümlədən, Fransa prezidenti Fransua Oleand cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.
Azərbaycan aprelin 3-dən atəşi birtərəfli qaydada dayandırdığını bəyan edib...
Göründüyü kimi, ATƏT Minsk Qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildirmişdilər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlarıdır.
Bunun təsdiqi olaraq həm də onu göstərmək olar ki, Azərbaycan tərəfi beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq əks-həmlə əməliyyatını və cavab tədbirlərini aprelin 3-dən birtərəfli qaydada dayandırdığını bəyan edib. Ermənistan tərəfi isə, əksinə, hərbi əməliyyatların intensivliyini artırmağa və ciddi-cəhdlə qarşıdurmanı davam etdirilməsinə çalışır ki, nəticədə sarsıdıcı və ölümcül zərbələrdən yayına bilmir.
Rövşən RƏSULOV