"Bütün Azərbaycan xalqı bu məsələdə Prezident və ordu ətrafında birləşərək öz mövqeyini ortaya qoydu. Artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr düzülüb. Yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı silahlı qüvvələrimizin sırasında döyüşməyə hazır olduğunu bəyan etdi". SİA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini millət vəkili Siyavuş Novruzov Parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.S.Novruzovun sözlərinə görə, artıq benəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil, dondurulmuş münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər: "Onlara bir daha sübut olundu ki, münaqişə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində məqsədli şəkildə uzadılıb. Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq. Lakin baş verənlər bunun tam əksini göstərdi. Gənclərimiz əllərində Azərbaycan bayrağı tutaraq döyüşə hazır olduqlarını göstərdilər. Bundan başqa Ermənistan rəhbərliyi əhalinin başını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə qatmağa çalışırdı. Düşmən ölkə əhalisini arxayın edirdi ki, əgər bizə qarşı hər hansı addım atılarsa, digər dövlətlər bu məsələyə qarışacaq. Lakin həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı". Millət vəkili söyləyib ki, Ermənistan Azərbaycanla üz-üzə gəlmək üçün heç bir gücə-qüvvəyə malik olmadığını anladı: "Bu məsələləri bütün ictimaiyyətə çatdırmalıyıq. Ölkə başçısı hər zaman bildirirdi ki, ordumuz post-sovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordudur. Bu, bir daha sübut olundu. Əldə olunan nailiyyətlərə görə, ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz əsgərik və Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq".
sia.az