Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, Azərbaycan əhalisinin məskunlaşdığı yaşayış məntəqələrinin və mülki obyektlərin atəşə məruz qalması nəticəsində dinc insanların öldürülməsi Avropada yaşayan azərbaycanlılarda ciddi narahatlıq doğurur.Avropa Azərbaycanlıları adından qeyd olunur ki, baş verən hadisələrə son qoymaq məqsədilə, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının müvafiq qətnamələri Ermənistan tərəfindən qeyri şərtsiz yerinə yetirilməli və işğalçı respublika silahlı qüvvələrini təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarmalıdır.Bəyanatda həmçinin, 20 ildən artıq müddətdə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasətinin acı nəticələri diqqətə çatdırılıb. "Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək üçün atdığı addımlara baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir"-deyə bəyanatda deyilir.Azərbaycan diasporu beynəlxalq ictimaiyyəti baş verənlərə göz yummamağa, Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırır.
sia.az