PDF Oxu

Siyasət

  • 85

Millət vəkili: "Artıq sülh yolu tükənib"

Millət vəkili: "Artıq sülh yolu tükənib"

"Həmsədrlərin budəfəki səfəri turistik mahiyyət daşıyır"

"Artıq Azərbaycan xalqının ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliyə doğru addım atacağına inamı qalmayıb. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 25 ilə yaxındır münaqişənin həllinə məhkumdurlar, lakin problemin həlli istiqamətində heç bir addım atılmayıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.O bildirib ki, həmsədrlərin budəfəki səfəri turistik mahiyyət daşıyır: "Artıq onların mövqeyini ucqar kəndlərimizdə yaşayanlar da bilir. Azərbaycan xalqının fəlsəfəsi sülh, barış, dostluq, əməkdaşlıqdır. Amma bütün bunlar işğal olunmuş torpaqlarımız azad olunduqdan sonra baş verəcək. Həmsədrlər yenə də sülh yolunu üstün tutaraq, məsləhətlər verməyə çalışacaqlar. Lakin artıq sülh yolu tükənib. İşğalçı necə konstruktiv ola bilər? Onlar işğalçı dövləti dəstəkləyirlər".M. İbrahimqızı vurğulayıb ki, həmsədrlər münaqişəni dondurulmuş adlandırırdılar, lakin onlar anlamırdılar ki, dondurulmuş münaqişə hər an əriyib elə selə dönər ki, onun qarşısını almaq da mümkün olmaz: "Aprelin 1-dən 2-nə keçən gecə ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı növbəti dəfə təxribat cəhdi bir daha onu göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinə heç zaman dondurulmuş münaqişə kimi baxmaq olmaz. Baş verənlər nümayiş etdirdi ki, Azərbaycan ordusu hər zaman Ali Baş Komandanın əmrinə hazırdır və ən qısa zamanda torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü təmin edə bilər. Əlbəttə, Azərbaycan xalqı müharibə istəmir, dövlətimizin başçısı 20 ildən artıqdır ki, bu problemin sülh yolu ilə həllinə çalışır. Son günlər əldə etdiyimiz nailiyyətlər şəhidlərimizin qanı bahasına başa gəldi".Azərbaycanın güclü orduya malik olduğunu dilə gətirən millət vəkili söyləyib ki, düşmən tərəfində Xocalı soyqırımını törədən, pulla əldə olunan quldur dəstə döyüşürdü: "Erməni tərəfinin ordusu yoxdur. Erməni anaları öz övladlarını müxtəlif yollarla xarici ölkələrə göndərirlər. İstər xarici mətbuatda, istərsə də sosial şəbəkələrdə qeyd olunur ki, düşmən ordusunda az sayda gənc əsgər var ki, onlar da mövqelərini qoyub qaçırlar. Komandirlər əsgərlərini döyüşdən qaçdıqlarına görə güllələyir. Bu çox dəhşətlidir, əsl vandalizmdir. Millətinə qarşı bu cür siyasət yürüdən bir dövlət rejimi başqalarına necə münasibət göstərər? Erməni qadınları Azərbaycan qadınlarına müraciət edərək bildirirlər ki, siz xoşbəxtsiniz. Çünki, sizin oğullarınız öz torpaqlarınız uğrunda şəhid olur, amma bizim oğullarımız Sarkisyan rejiminin, quldurların qurbanıdır. Artıq bütün beynəlxalq təşkilatlar, eləcə də dünya dövlətləri bilməlidir ki, Azərbaycan xalqı hər an öz torpaqlarını işğaldan azad etməyə həm qadir, həm də hazırdır. Bu gün vəzifəsindən asılı olmayaraq, hər kəs müsəlləh əsgərdir. Qan vermək istəyənlər qan verir, könüllü şəkildə döyüşə getmək istəyənlərin sayı artır. Bir sözlə hər kəs qələbə üçün öz töhfəsini vermək istəyir və Ali Baş Komandana inanaraq onun arxasında dayanır, əmrini gözləyir. İnşallah qələbəni qısa bir zamanda görəcəyik".Millət vəkili açıqlaması zamanı cəbhədə baş verənlərdə Rusiya mətbuatının əks mövqedən çıxış etməsinə də münasibət bildirib: "Rusiya Azərbaycan üçün çox önəmli dövlətdir. Lakin bu günlərdə cəbhədə baş verənlərlə bağlı Rusiya mətbuatının 99 faizi ermənipərəst mövqedən çıxış etdilər. Lakin biz əminik ki, rus xalqı Azərbaycan xalqına qarşı dost münasibətdədir. Bu yaxınlarda Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı Barak Obamanın Azərbaycanı dəstəkləməsi bir daha onu göstərdi ki, ölkəmiz Amerika üçün nə qədər önəmlidir. Lakin ABŞ-da, Rusiyada, Fransada erməni lobbisi çox güclüdür. Həmsədrlər də həmin ölkələrin diplomatlarıdır.Bu baxımdan düşünürəm ki, ATƏT-in Minsk qrupunun formatı, mahiyyəti və mexanizmi dəyişməlidir. Torpaqlarımızın işğaldan azad olunmasında ümid Ali Baş Komandana və Azərbaycan ordusunadır".

sia.az

Digər xəbərlər