"Ola bilsin ki, biz həmsədrləri də qəflət yuxusundan oyada bildik. Azərbaycan ordusu öz gücünü nümayiş etdirməklə onlara başa saldı ki, siz susduqca biz güclənmişik". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə həmsədrlərin regiona səfərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri ilə bağlı fikirlərini bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, aprelin 1-dən ötən günə qədər cəbhədə baş verənlərdə Ermənistanla yanaşı, ATƏT-in Minsk qrupunun da günahı var: "20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi uzanır. Onlar status-kvonu saxlamaqla işğalçı tərəfə yardım etmiş olurlar. Bu baxımdan hesab edirəm ki, istər Azərbaycan, istərsə də düşmən ölkə tərəfindən həlak olan əsgər analarının ah-naləsinin bir hissəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinə yönəlib".Ç. Qənizadə söyləyib ki, həmsədrlərin budəfəki səfəri digərlərindən fərqli olmalıdır: "Hazırda həmsədrlər dünya ictimaiyyəti tərəfindən baş verən hadisələrə münasibətin təsiri altındadır. Fransa, Almaniya, Böyük Britaniyadan olan diplomatlar, konqresmenlər, bir neçə beynəlxalq təşkilat, eləcə də AŞPA prezidenti tərəfindən kəskin bəyanatlar verilib. Bu baxımdan düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan torpaqlarının işğaldan azad olunması və Qarabağ ətrafı rayonların qaytarılması prosesini sürətləndirməlidir. Ondan sonra Azərbaycan Prezidentinin də söylədiyi kimi, Dağlıq Qarabağda ermənilərə veriləcək statusla bağlı danışıqların aparılmasına yönələn addımlar atılacaq. Belə olmasa, müharibə qaçılmazdır".Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri- Ceyms Uorlik, İqor Popov və Pyer Andryun Bakıda səfərdədirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmsədrləri qəbul edib. Həmsədrlər sabah Azərbaycanın işğal olunmuş bölgəsi Dağlıq Qarabağda olacaqlar. Onların Ermənistan səfəri isə aprelin 9-na nəzərdə tutulub.
sia.az