"Müsavat partiyası "Milli Şura"da qalmalıydı"
Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu həbsdən azad edildikdən sonra partiya rəhbərliyi ilə münasibətlərindəki gərginlik daha da dərinləşib. Belə ki, T.Yaqublu azadlığa çıxan gündən etibarən, təmsil olunduğu siyasi təşkilatın fəaliyyətini, verdiyi qərarlarını, ümumiyyətlə, atılan bütün addımlarını səhv hesab edir. Bu amil isə ilk öncə belə deməyə əsas verir ki, həbsdə olduğu müddətdə partiyanın qurultayı və başqanlıq seçkiləri keçirilsə də o, başqanlıq postuna daha layiq şəxs olduğunu hesab edir. Bu isə T.Yaqublunun Arif Hacılı faktoru ilə barışmayacağını kifayət qədər deməyə əsas verir. Saxta başqan seçkilərindən sonra sabiq başqan İsa Qəmbəri də, necə deyərlər, öz dəftərindən silən T.Yaqublu hazırda özünü müsavatçı hiss etsə də daha çox AXCP sədri Əli Kərimlinin ətrafında görünməkdədir.
AXCP sədrinin adının hallanması bir sıra amilləri üzə çıxarmış olur – Tofiq Yaqublu: "Milli Şura"nın toplantılarında da iştirak edəcəyəm..."
Məsələn, mətbuata açıqlama verən başqan müavini, hətta bir neçə il öncə sabiq başqan İsa Qəmbər tərəfindən atılan addımları yenidən təftiş edərək, yanlışlıqları qarşı tərəfin üzünə vurur. Belə yanlışlıqlardan biri kimi Yaqublunun Müsavatın 2013-cü ilin prezident seçkilərinə az vaxt qaldığı müddətdə partiyanın "Milli Şura" sıralarından çıxması göstərilir.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Tofiq Yaqublu 2013-cü ildə Müsavat partiyasının "Milli Şura" sıralarından çıxmaqla bağlı qərarının olmasına baxmayaraq, bu təşkilatda təmsil olunduğunu və siyasi fəaliyyətinin bir hissəsini məhz həmin qurumda göstərəcəyini deyib. O, hesab edir ki, "Milli Şura" partiya deyil və orada istənilən partiya təmsilçisi fəaliyyət göstərə bilər. Düzdür, "Milli Şura"nın yalnız bir neçə nəfərdən ibarət kiçicik, hətta mikroskopik heyəti qalıb və bu qurum, ümumiyyətlə yox səviyyəsindədir. Ancaq orada AXCP sədri Əli Kərimlinin adının hallanması artıq bir sıra amilləri üzə çıxarmış olur. İlk növbədə, Əli Kərimli öz tərəfinə etirazçı müsavatçıları toplamağa çalışır. Ancaq AXCP vasitəsilə deyil, məhz "Milli Şura" oyunu ilə. Tofiq Yaqublu da belə qurbanlardan biridir. Daha dəqiq desək, hazır qurbanlardandır. Çünki o, həbs edilərkən, Müsavat hələ "Milli Şura"nın tərkibində qalırdı. Ona görə də o, hazırda antimüsavatçı bəyanat və açıqlamaları ilə həbsindən sonrakı illərdə Müsavatın "Milli Şura" sıralarını tərk etməsinə qarşı çıxır və bu mövzu ətrafında gündəmdə qalmaqdadır. Sitat: "Milli Şura" fərdlərin təşkilatıdır. Mən də fərd olaraq, "Milli Şura"da qalıram, çıxmamışam. "Milli Şura"nın toplantılarında da iştirak edəcəyəm..."
Vaxtilə Müsavat rəhbərliyindən bu və ya digər hallarda narazı olan tərəflər də hazırda baqşa-başqa təşkilatlarda, koalisiyalarda və hərəkatlarda fəaliyyət göstərirlər
Bütün bunlara rəğmən, T.Yaqublu Müsavat rəhbərliyinin guya onun "Milli Şura"da təmsil olunmasına etiraz etmədiklərini desə də, bu iddialar inandırıcı görünmür. Çünki vaxtilə Müsavat rəhbərliyindən bu və ya digər hallarda narazı olan tərəflər də hazırda başqa-başqa təşkilatlarda, koalisiyalarda və hərəkatlarda fəaliyyət göstərirlər. Ancaq onların bu iştirakları Müsavat başqanı Arif Hacılı tərəfindən qəbul edilməyib və əksəriyyəti partiya sıralarından çıxarılıb, yaxud zorla istefaya göndəriliblər. Ona görə də Tofiq Yaqublunun guya Müsavat sıralarında olmasına rəğmən, "Milli Şura"da da təmsil olunmasının partiya rəhbərliyi tərəfindən normal qarşılandığını iddia etməsi həqiqəti əks etdirmir.
Beləliklə, görünən budur ki, Ə.Kərimlinin Müsavata yönəldilmiş planı baş tutub. Çünki Müsavatda T.Yaqublunu dəstəkləyənlər kifayət qədərdir. Həmçinin, vaxtilə onu başqan görmək istəyənlər də sonradan bu baş vermədikdə, Arif Hacılı rəhbərliyinə barmaqarası baxırlar. Düşünmək olar ki, Müsavatın növbəti parçalanmasını Ə.Kərimli və T.Yaqublu amili reallaşdıracaq. Ə.Kərimli "Milli Şura"ya müsavatçıların cəlb edilməsi marağını, T.Yaqublu isə öz məlum maraqlarını güdməyə imkan tapa biləcək. Müsavatı isə növbəti qalmaqallar və istefalı qarşıdurmalar gözləyir.
Rövşən RƏSULOV
O, AXCP və Müsavat arasında yaranmış gərginliyin həllinə çalışacağını da deyərək, bu istiqamətdə ilkin söhbətlərin aparıldığını qeyd edib.