PDF Oxu

Siyasət

  • 96

Qubalılardan ordumuza dəstək

Qubalılardan ordumuza dəstək

Quba rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında respublika Prezidenti Cənab İlham Əliyevin çıxışı ilə bağlı B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində ümumrayon müşavirəsi keçirilib. Müşavirədə Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirin əvvəlində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun hərbçilərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov tədbirdə çıxış edərək bildirib ki, cəbhə bölgəsinin təmas xəttində erməni hərbi birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu güclü zərbə ilə cavab verərək, düşməni sarsıdıcı məğlubiyyətə uğradıb: "Bu uğurlu əməliyyat sayəsində işğal olunmuş torpaqların bir hissəsi, bir neçə yaşayış məskəni azad olunub, düşmənin 100-dən çox canlı quvvəsi və hərbi texnikası məhv edilib. Ali Baş Komandan Cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, biz sülh istəyirik, biz heç kəsin ölməsini istəmirik. Ermənilər bizim torpaqları zəbt ediblər. Onlar ölmək istəmirlərsə, qoy rədd olub öz torpaqlarına getsinlər".

Müşavirədə çıxış edən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, atəşkəs pozulan günlər xidməti işlə əlaqədar həmin bölgədə olub: "Mən orada onun şahidi oldum ki, Azərbaycan gəncləri, Qarabağ əlilləri və veteranları böyük ruh yüksəkliyi ilə ordumuza dəstək olmaq üçün yürüşə çıxmışdılar. Bu, məni çox sevindirdi. Biz qubalılar da bir nəfər kimi Prezidentimiz Ali Baş Komandan Cənab İlham Əliyevin əmri olarsa, döyüşə atılmağa hazırıq. Təki torpaqlarımız işğaldan azad edilsin.Təki Vətən sağ olsun".

Daha sonra çıxış edən Qarabağ Müharibəsi Veteranlarının Quba rayon şöbəsinin sədri Tahir Muradov, Səfərbəyli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Çingiz Kiçikbəyov, iki şəhid anası Rəna Cəfərova, YAP Quba rayon təşkilatının məsləhətçisi gənclər birliyinin üzvü Qılman Qubatov son günlər cəbhədə Azərbaycan Silahlı Qüvvələrini əldə etdiyi uğurlara görə qürur duyduqlarını, hər an Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə vətən torpaqlarının erməni işğalçılarından azad olunması üçün canlarını fəda etməyə hazır olduqlarını bildiriblər. Sonda Quba ictimaiyyəti adından Ali Baş Komandan Cənab İlham Əliyevə müraciət qəbul olunub.

ZÜMRÜD

Digər xəbərlər